Media Reyestrində qeydiyyatdan keçən media strukturlarının sayı- AÇIQLANDI

Ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O bildirib ki, onlardan 150-i qeydə alınıb. Jurnalistlərdən isə 180 nəfərin adı reyestrə salınıb.

Əhməd İsmayılov qeyd edib ki, 2022-ci ildə MEDİA 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirib, 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edib.

Media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. Anadolu Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər yekunlaşmaq üzrədir.

Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ildə beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib. Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub.

Əhməd İsmayılov bildirib ki, eyni zamanda, beynəlxalq əməkdaşlığın inkişafı üçün Qazaxıstan və Özbəkistanın müvafiq media subyektləri ilə anlaşma memorandumları imzalanıb.

Əvvəlki məqalə

“Rusların bəziləri heç nə baş verməmiş kimi, normal həyat sürürlər”

Sonrakı məqalə

Pekin Afrika ölkələrini “borc tələsinə” salmağa çalışır?