“Microsoft” COVID-19 ilə mübarizəyə yardım üçün 20 milyon dollar ayıracaq

10 Aprel 2020 - 13:36

“Microsoft” özünün yaratdığı “AI for Health” proqramı çərçivəsində koronavirusa qarşı mübarizə üçün 20 milyon ABŞ dolları ayıracaq.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, proqram sayəsində alimlər, qeyri-kommersiya təşkilatları və səhiyyə şirkətləri məlumatların işlənməsi, o cümlədən süni intellektdən istifadə etməklə işlənməsi üçün alətlərə çıxış əldə edəcəklər.

“AI for Health” təşəbbüsümüzü COVID-19 tədqiqatının ön cəbhəsində olanlara kömək etməyə yönəldirik. Səylərimizi araşdırmalarımızın məlumatları, təhlili və bacarıqlarının daha böyük təsir göstərə biləcəyi beş konkret sahəyə yönəldəcəyik”, – şirkətin press-relizində deyilir.

“Microsoft” bu sahələrə diqqət ayıracaq:

* insanların təhlükəsizliyini təmin etmək üçün məlumat toplamaq və COVID-19-un iqtisadi nəticələri barədə məlumat vermək;

* peyvəndlərin, virusun diaqnostikası və müalicəsi metodlarının işlənib hazırlanması üçün tədqiqatlar aparmaq;

* məhdud resursların bölüşdürülməsi üzrə tövsiyələr vermək (məsələn, xəstəxanalardakı yerlər və tibbi avadanlıqlar);

* dezinformasiyanı minimuma endirmək üçün dəqiq məlumatların yayılması;

* COVID-19-un öyrənilməsi üçün elmi araşdırılmaların dəstəklənməsi.

Qeyd edək ki, “Microsoft”un qurucusu Bill Geyts martda şirkətin Direktorlar Şurasından ayrılandan sonra səylərini xeyriyyə işlərinə yönəldəcəyinə söz verib. Yanvar ayında onun yaratdığı fond koronavirusun yayılmasının qarşısının alınması ilə mübarizə üçün 10 milyon ABŞ dolları ayırıb, daha sonra o, bu hədəflərə daha 90 milyon ABŞ dolları xərcləməyə qərar verib.