“MİDA-nın güzəştli mənzil satışı TV-də canlı yayımlanmalıdır” –EKSPERT ŞƏRHİ

“Güzəştli mənzil satışı sistemi ciddi şəkildə yenilənməlidir”.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz MİDA-nın güzəştli mənzil satışı zamanı üzə çıxan cinayət faktlarını “Kaspi” qəzetinə şərh edərkən bildirib.

Osman Gündüz bildirib ki, sonuncu güzəştli mənzil satışının nəticələrinin ləğv edilib-edilməməsi DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər. Onun sözlərinə görə, əgər müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda bu məsələ gündəmə gələ bilər: “Baş verənlər onu göstərir ki, MİDA bir daha sisteminin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir.

Ekspertin sözlərinə görə, onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq, görünür ki, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var: “Bu baxımdan alternativ güzəştli mənzil satışı üsulu təklif edilməlidir. Satışdan sonra MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq açıqlamalıdır. Ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca qeyd etmək vacibdir. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməlidir. Süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir. Onlayn satış prosesi sosial mediada və televiziyada canlı yayımlanmalıdır”.

Əvvəlki məqalə

Ağdaşda 84 yaşlı kişi özünü asıb

Sonrakı məqalə

Borca görə axtarışda olan 38 nəfər saxlanılıb –