Mikayıl Cabbarov zərgərlərdən və qızıl bazarından narazıdır:"Zahiri parıltının altında xoş olmayan mənzərə mövcuddur"

Azərbaycanda zərgərlik bazarı ilə bağlı aparılan təhlillər bir sıra çatışmazlıqların olduğunu göstərir.

Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar” mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bazar iştirakçıları tərəfindən xammal və məmulatların idxalında qeyri-rəsmi əməliyyatların geniş hal kimi yayılması, ikinci əl məmulatların rəsmi qaydada almaq imkanının bir çox halda olmadığı, affinajın (qızılın təmizlənməsi – red.) bir neçə böyük bazar iştirakçıları tərəfindən kiçik həcmlərdə həyata keçirilməsi, bazarın ixrac imkanlarına da, bazarın vəziyyətinə də ciddi dərəcədə zəiflədir.

“Qızıl və qiymətli daşların keyfiyyətinə nəzarətin istənilən səviyyədə olmaması, həmçinin maliyyələşdirilmə və stimullaşdırma mexanizmlərinin yoxluğu, həm istehlakçıların  hüquqlarına, həm də bizim strateji hədəflərimizə zərbə vuran məqamlardan biridir. Sirr deyil ki, sektorda qeyri-şəffaf əmək münasibətləri hallarına da tez-tez rast gəlinir. Düşünürəm ki, bu çatışmazlığı aradan qaldırılması istiqamətində birgə iş aparılmalıdır”, – deyə nazir bildirib.

M. Cabbarov bildirib ki, Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların fəaliyyətlərinin qanuni əsaslarla həyata keçirilməsi təmin edilməlidir.

Onun sözlərinə görə, dövlət bazar iştirakçılarına həmin bu keçidi həyata keçirməklə dəstək olmağa hazırdır. “Təəssüf ki, sektorda şəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır. Zahiri parıltının altında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarının real vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal-ixrac əməliyyatları ilə bağlı durum bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir. Bu tədbirlərin bəziləri, hesab edirəm ki, təxirəsalınmazdır”, – deyə nazir qeyd edib. (APA)

O həmçinin əlavə edib ki, statistika ilə real göstəricilər arasında ciddi fərqlər mövcuddur: “Bir çox hallarda kölgə iqtisadiyyatının bu sahədə maksimum azaldılmasına nail olmalıyıq və yadda saxlamalıyıq ki, güzəştlər o şəxslərə verilir və veriləcək ki, onlar şəffaf fəaliyyət göstərəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Orta məktəbdə summativ qiymətləndirmə qaydası dəyişdi –

Sonrakı məqalə

Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək