Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür.
Milli Qurtuluş Günü Azərbaycanın tarixində böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin şərəfli tarixi var. Bu mübarizədə Heydər Əliyev fenomeni danılmaz rolunu oynayıb.
SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycan hakimiyyət böhranı nəticəsində onu itirmək təhlükəsi ilə üzləşdi. 30 il əvvəl – 1993-cü ilin iyununda polkovnik Sürət Hüseynovun iyun qiyamı ölkəni bürüyən siyai xaos vətəndaş qarşıdurmasına qədər yüksəldi.
Ümummilli lider Heydər Əliyev sonralar həmin dövrə qiymət verərkən Azərbaycanın böyük təhlükə qarşısında qaldığını demişdi. “Həm ölkənin müstəqil yaşamasının əleyhinə olan daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi”-deyə H.Əliyev bildirmişdi.
Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, daxildə hakimiyyət çəkişməsi AXC hakimiyyətini dərin və mürəkkəb siyasi –hərbi böhrana saldı.
Getdikcə gərginləşən siyasi vəziyyət xalqı öz arxasınca aparmağa qadir liderin meydana çıxmasını tələb edirdi.
Xalq bu böhranı həll edə biləcək gücdə olan yeganə siyasi xadim olaraq Heydər Əliyevi görürdü.
Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. AXC hakimiyyəti də ölkəni xilas üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.
Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu, ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. İyunun 15-də o, Azərbaycan Ali Sovetinin sədri seçildi və qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Ömrümün qalan hissəsini xalqıma bağışlayıram” deyən milli lider həyatını və fəaliyyətini yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr edəcəyini bəyan etdi.
Problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayan H.Əliyev siyasi partiyaları, ictiai xadimlərini ətrafında birləşdirdi. Dövlət xadimi kimi böyük siyasi təcrübəsi sayəsində qiyamın doğurduğu beynəlxalq geossiyasi fəsadları aradan qaldırdı, xalqı toparladı və müstəqilliyi qorudu.
Ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider Prezident seçildi.
Hakimiyyətə qayıdış xalqımızın strateji mənafelərini təmin edəcək ümdə vəzifələri müəyyən etdi, modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Müstəqilliyi qoruyub inkişaf etdirmək ən vacib şərt idi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Heydər Əliyev azərbaycançılıq ideyasını irəli sürməklə xalqın birliyinin fundamental əsasını yaratdı.
Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Heydər Əliyevin ən mühüm addımı Milli Ordunun formalaşdırılması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar oldu.
1994-cü ilin may ayında ölkə üçün strateji əhəmiyyət kəsb edən atəşkəs müqaviləsi ölkəmizin dünya birliyinə inteqrasiyası imkanlarını dövlətin gücünü müəyyən edəcək beynəlxalq müqavilələrə, razılaşmalara yol açdı.
1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanda başlanan yeni dövrün – “neft erası”nın əsasını qoydu. Bu, Heydər Əliyevin işləyib hazırladığı inkişaf konsepsiyasının əsasını təşkil edən ana strategiya oldu.
Heydər Əliyevin rəhbərliyi ilə qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi. 1995-ci ilin noyabrında qəbul olunan yeni Konstitusiya demokratik, hüquqi dövlətin təməli üçün istinad oldu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı.
Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Vətən Müharibəsində qazanılan parlaq qələbə Heydər Əliyevin strategiyasına söykənən siyasətin nəticəsi idi. Milli Lider hakimiyyətdə olduğu 10 il ərzində işğal altında olan torpaqlarımızın azad olunması üçün bütün bacarıq və imkanlarından istifadə etdi. Onun sayəsində beynəlxalq ictimai rəy Azərbaycanın haqlı mövqeyini ən yüksə kürsülərdən eşidir, görüşlərdə dövlətimizin haqlı mövqeyini etiraf edirdilər.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.
Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Bu gün milli qurtuluş ideologiyası dövlətimizin siyasi sabitliyinin təməl prinsipini təşkil edir, bu platforma dövlət quruculuğunu əsas prioritetidir.
V.ABBAS
Yazı MEDİA-nın dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb