Milli Məclisin sabiq sədri, Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin imzatoplama kampaniyası başa çatıb.
Azpost.info bildirir ki, bu haqda etikxeber.az-a İ. Qəmbər məlumat verib. İ. Qəmbər hələlik imza vərəqələrinin Dairə Seçki Komissiyasına (DSK) təhvil verilmədiyini deyib. İmza vərəqələri gələn həftə DSK-ya təhvil veriləcək.
İsa Qəmbər 1990-cı ildən bu yana 7-ci dəfədir seçkilərə qatılır. O, bir dəfə-1990-95-ci illərdə parlamentin deputatı olub. 1990-ci ildə Ali Sovetə keçirilimiş seçkilərdə onun rəqibləri arasında Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov, Xalq artisti Hacıbaba Bağırov olub.
İsa Qəmbər 1992-93-cü illərdə keçmiş Ali Sovetin (Milli Məclisin) sədri vəzifəsində çalışıb. O, 1995, 2000, 2005, 2010-cu illərdə seçkilərə qatılsa da, onun qələbəsi tanınmayıb. 2015-ci ildə son anda Müsavat Partiyası boykot qərarı verdiyi üçün namizədliyini geri götürüb.
İ. Qəmbər hazırda namizədliyini 19 saylı Nərimanov I seçki dairəsindən irəli sürüb. Həmin dairədən hakim Yeni Azərbaycan Partiyası (YAP) isə millət vəkili Hikmət Babaoğlunun namizədliyini verib.