“Mingəçevir Şüşə Lifi” ASC ləğv edildi –SƏRƏNCAM

Prezident İlham Əliyev “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamının 1-ci hissəsinin 9-cu bəndi ləğv edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Azərbaycan Respublikası Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməlidir.

Nazirlər Kabineti “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar üç ay müddətində zəruri tədbirlər görməlidir.

Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Müdafiə Nazirliyi Ağdamın Pərioğlular kəndindən görüntülər yayıb –