Mingəçevirdə keçmiş köçkün valideynlərin peşə bacarıqları artırılacaq –FOTOLAR

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə yeni layihəsinə başladı.

4 iyun 2024-cü ildə Mingəçevir Media Mərkəzində keçirilən təqdimat mərasimində layihənin rəhbəri, Əməkdar jurnalist Fərman Nəbiyev bildirib ki, biz iyun ayından Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinə başlamışıq: “Məqsəd Mingəçevirdə məskunlaşan və qayıdışa hazırlaşan keçmiş köçkünlərin məşğulluq ehtiyaclarını araşdırmaq və həlli üçün onlara nəzəri bilgilər və praktiki bacarıqlar verməkdir. Yaxın günlərdə 60 ailə arasında sorğu aparacaq, peşəyə daha çox marağı və ehtiyacı olan ailələri dəyərləndirəcəyik. Bundan sonra, gender balansı gözlənilməklə, 10 nəfər 6 günlük psixoloji, hüquqi və iqtisadi mövzuda nəzəri, ardınca sahibkar müəssisələrində usta yanında 2 aylıq praktiki kurslara cəlb olunacaq. Layihənin yekununda benefisiarlarımıza peşə sertifikatları verəcəyik”.

Layihə rəhbəri həmçinin bildirib ki, İctimai Birlik 2022-2023-cü illər ərzində yerli və beynəlxalq donorların dəstəyi ilə Mingəçevir, Yevlax, Bərdə və Ağdamda məcburi köçkünlərin səfərbərliyə alınması və icma bacarıqlarının artırılması, məşğulluq ehtiyaclarının qarşılanması ilə məşğul olub: “Bu istiqamətdə mikro layihələrin  həyata keçirilməsinə, araşdırmalarının aparılmasına, dövlət qurumları, xüsusən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə hesabatlar hazırlanmasına nail olub”.

Təqdimat mərasimində Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Elməddin Səmədov, Kəlbəcər və Laçın rayonlarından keçmiş məcburi köçkün İnqilab Şirinli və İxtiyar Həsənli, Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Rizvan Mikayıllı, keçmiş köçkün rayonların icra nümayəndələri Reyhan Quliyeva, Xatirə Abbasova, Qaçqınkomun Mənzil Kommunal İstismar sahəsinin mütəxəssisi Sevgiyə Vəliyeva və başqaları fikirlərini bölüşüblər. Onların qənaətinə görə, ailələrin qayıdışa hazırlanmasında peşə bacarıqlarına yiyələnmə çox vacibdir  və insanlar bundan sonrakı həyatlarını Qarabağda layiqli əməkləri ilə davam etdirə biləcəklər. Bu səbəbdən çıxış edənlər layihənin həm bu gün, həm də yaxın illər üçün çox aktual olduğunu vurğulayıblar.

Mərasim çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam edib.

 

Əvvəlki məqalə

Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 85-ci ildönümü tamam olur

Sonrakı məqalə

Qurban bayramının namaz vaxtı açıqlanıb