Misirin Aralıq dənizi sahillərində aparılan arxeoloji qazıntılar zamanı 18 qədim nekropol aşkar edilib. Burada çoxsaylı sarkofaqlar və qiymətli artefaktlar üzə çıxarılıb. Ən diqqətçəkən tapıntı isə bəzi mumyaların ağzına yerləşdirilmiş 24 ədəd “qızıl dil” olub.
Azpost.info bildirir ki, bu barədə The Independent məlumat yayıb.
Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin açıqlamasına görə, aşkar edilən məzarlıqlar müxtəlif memarlıq xüsusiyyətlərinə malikdir.
Onlardan 11-i təxminən 8 metr dərinlikdə qayalara oyulmuş sərdabələrdir. Digər 7 məzar isə yer səthində əhəngdaşından inşa edilmiş tikililərdir. Bir çox məzarlar əsrlər boyu toxunulmadan qalıb. Girişləri bağlayan iri daş lövhələr indiyədək möhürlənmiş vəziyyətdə saxlanılıb.
Arxeoloqlar bəzi mumyaların ağzında dil formasında hazırlanmış 24 nazik qızıl lövhə aşkar ediblər. Qədim misirlilərin dini inanclarına görə, bu rəmzi “qızıl dillər” ölülərin axirət dünyasında tanrılarla danışa bilməsi və özlərini müdafiə etməsi üçün istifadə olunurdu.
Alimlərin fikrincə, bu nekropollar qədim yunan coğrafiyaşünası Strabonun əsərlərində adı çəkilən Levkaspis şəhərinin bir hissəsi olub. Aralıq dənizi sahilində yerləşən bu şəhər ellinistik dövrdən Bizans imperiyasına qədər inkişaf edib və eramızın ilk üç əsrində iqtisadi yüksəlişinin zirvəsinə çatıb.
Qazıntılar zamanı qızıl lövhələrdən başqa, əhəngdaşından hazırlanmış qurban altarları, daş hovuzlar, küplər, amforalar və digər məişət və dini əşyalar da tapılıb. Ən maraqlı tapıntılardan biri tamamlanmamış mərmər Afrodita heykəli və Misirin dəfn mərasimlərinə xas simvolik “saxta qapılar”la bəzədilmiş qeyri-adi altar olub.
Sərdabələrdən birində uzunluğu 2,5 metr olan qranit sarkofaq da aşkar edilib. Orijinal qapağı qorunub saxlanılan sarkofaqın içərisində insan qalıqları və gipsdən hazırlanmış sfinks fiqurunun parçaları tapılıb.
Tədqiqatçılar bildirirlər ki, bu yeni tapıntılar qədim Misirin dəfn adətlərinin və memarlıq ənənələrinin Ptolemeylər sülaləsi və Roma imperiyası dövründə də böyük ölçüdə dəyişmədən qorunduğunu təsdiqləyir.