İstirahət günlərində və axşam işdən çıxanda baş çəkdiyimiz yerlərdən biri də restoranlardır. Seçim edərkən yeməklərin dadı, xidmət keyfiyyəti və məkanın məşhurluğu bizim üçün əsas meyarlardır. Təsəvvür edin ki, hər kəsin təriflədiyi, sosial şəbəkələrdə paylaşdığı, menyusundakı qeyri-adi yeməklərlə ağız sulandıran, lakin 6 həftə əvvəldən rezervasiya edilmədən masa tapılmayan bir restorana rast gəlirsiniz. Şübhəsiz, bu məkan daha da maraqlı görünəcək və orada olmaq üçün can atacaqsınız. Bəs ya bu restoran ümumiyyətlə mövcud deyilsə?
Valyuta.az sizi Londonun bir vaxtlar “TripAdvisor”da birinci yerdə qərarlaşan, amma gerçəkdə heç vaxt mövcud olmayan restoranı – “The Shed at Dulwich”in inanılmaz hekayəsi ilə tanış edir.
2017-ci ildə britaniyalı jurnalist Oobah Batler əvvəllər restoranlara pul qarşılığında saxta rəy yazmaqla məşğul olurdu. Hər yazdığı rəydən cəmi 10 funt sterlinq qazanırdı. Lakin bu təcrübə onda bir ideya doğurdu: Əgər rəylər saxta ola bilirsə və insanlar buna inanırsa, restoranın özü də saxta ola bilər.
Batler bu fikrini reallaşdırmağa qərar verdi. O, evinin arxasındakı köhnə bir daxmanı “The Shed at Dulwich” adı ilə “TripAdvisor” platformasına “restoran” kimi yerləşdirdi. “Menyuda əhval-ruhiyyəyə uyğun yeməklər” təqdim olunurdu. Paylaşılan fotoşəkillərdə isə əsl yeməklər yox, müxtəlif məişət əşyaları, hətta ayağının dabanı vardı. O da “hisə verilmiş donuz budu” kimi təqdim olunurdu.
Beləliklə, restoranın ünvanı gizli saxlanılır, yalnız əvvəlcədən rezervasiya ilə qəbul edilir. Batler isə hər zəng edənə deyir ki, ən tez 6 həftədən sonra masa boşalacaq. Bu eksklüzivlik insanlar üçün daha da cazibədar olur. Hər kəs “The Shed” haqqında danışır, saxta müştəri rəyləri yazılır: “Nəhayət burada yer tapa bildim, şanslıyam!”, “Restoran yeməkləri yaradıcı və dadlı idi”, “Londonun ən sirli restoranı!”
Sadəcə bir neçə ay ərzində bu restoran 18 min real restoranı geridə qoyaraq “TripAdvisor”un Londonda birinci yerdəki restoranına çevrilir. Halbuki burada nə yemək, nə aşbaz, nə də xidmət var idi – sadəcə rəylər və təsəvvür.
“The Shed” artıq fenomenə çevrilir. Hətta bu restoran medianın marağını cəlb edir, böyük brendlər əməkdaşlıq təklifləri ilə müraciət edir, insanlar bu məkanda masa əldə etmək üçün yarışırlar. Batler isə qərara alır ki, bu uydurmanı bir gecəlik gerçəyə çevirsin.
O,10 dostunu evinə dəvət edib, mikro dalğalı sobada dondurulmuş hazır yeməklər hazırladı. Dostu musiqi ilə məşğul oldu, ortam yaratdı. Qonaqlar isə bu şouya inandı, yeməkləri təriflədilər. Heç kim yeməyin marketlərdən alındığı hazır qida olduğunu anlamadı. Batler bu anı belə izah edirdi: “İnsanlar mənim daban şəklimə baxaraq iştahlanırdılar.”
Batler sonradan bu təcrübəni “false reality”, yəni saxta reallıq adlandırdı. Onun yaratdığı bu eksperiment bir çox nüfuzlu media orqanlarının diqqətini çəkdi. “The Guardian”, “VICE”, “The Washington Post” kimi nəşrlər bu hadisəni həm gülməli, həm də düşündürücü adlandırdı. Batlerin videosu 33 milyon baxış topladı.
Onun mesajı sadə idi: “Əgər mən öz həyətimdə Londonun “ən yaxşı restoranı”nı qura bilirəmsə, demək ki, internetdə hər şey mümkündür”.
“The Shed at Dulwich” hadisəsi göstərdi ki, onlayn rəy və reytinq platformaları asanlıqla manipulyasiya edilə bilər. İstifadəçilər məzmunun doğruluğunu yoxlamadan hər şeyə inanmağa meyllidirlər. Eyni zamanda, insanlar üçün əlçatmazlıq dəyər yaradır. Batlerin layihəsi bir sosial eksperiment, media tənqidi və eyni zamanda qida sənayesindəki pretensiyalılığa qarşı ağıllı bir satira idi. Ən vacib nəticə isə budur ki, bəzən görünən, həqiqətdən daha inandırıcı olur.