Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqustun 21-dən sentyabrın 23-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Nazirlikdən bildirilib ki, müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən müvafiq sənədləri təqdim etməlidirlər. Sənədlərin siyahısı ilə Müdafiə Nazirliyinin saytında tanış olmaq olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2023-cü il avqustun 21-dən sentyabrın 23-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

Telefon: (012) 538-35-70.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əvvəlki məqalə

Kahramanmaraşda 4,2 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Qırğızıstan-Qazaxıstan sərhədində 400 avtomobil tıxacda qalıb