Pedaqoq, filologiya elmləri doktoru, professor, tanınmış uşaq yazıçısı Zahid Xəlil Azpost.info–ya müsahibə verib.
Müsahibəni təqdim edirik:
…Uşaqların dostu, yazıçı, şair Zahid Xəlillə Akademiyan bağında görüşdük. İnternet əsrində, ölkədə bu qədər saytların, sosial şəbəkələrin bolluğunda Zahid müəllimin skamyada rahatca əyləşib həvəslə qəzet oxuduğunu görəndə sevindim. Bu adam həmin Zahid Xəlildir ki…
Zahid Abdulla oğlu Xəlilov 1942-ci ilin 20 ma ında Yevlaxda doğulub. Yazıçı, şair, eyni zamanda pedaqoq, lologiya elmləri doktoru, professor olan 82 yaşlı tanınmış yazarın ilk qələmə aldığı “Vətənim” şeiri 1958-ci ildə “Yeni Yevlax” qəzetində çap olunub. Ədəbiyyat aləmində öz imzası ilə seçilən, Azərbaycanda uşaq yazıçısı kimi məşhurlaşıb sevilən Zahid Xəlil iyirmidən çox kitabın müəlli dir.
–Zahid müəllim, sizin dövrünüzün ədəbi nəslindən olan tanınan dəyərli ziyalılar, ağsaqqal qələm adamları ömürlərinin bu çağında da mütaliə edirlər. Son zamanlar belə bir kir formalaşıb ki, qəzetlər kimi tezliklə kitablar da keçmişə gömüləcək. Bu dövrdə gənclərin, uşaqların kitablarla ünsiyyətdən qaçmasının əsas günahkarı bəzilərinin dediyinə görə internetdir, bəs siz necə düşünürsünüz?
– Bu gün həqiqətən də sürətlə kitabdan uzaqlaşma prosesi gedir. Bu proses həm də az qala bütün dünya xalqlarını əhatə etməkdədir. Eyni zamanda bu təhlükəni hiss edən xalqlar onun qarşısını almaq üçün ciddi-cəhdlə mübarizə aparırlar. Bu proseslərdə nəşriyyatlar, məktəblər, həm də kitabxanaçılarla yanaşı mədəniyyətin müxtəlif sahələrində çalışanlar, həmçinin valideynlərlərlə bərabər ictimai birliklər iştirak edirlər. Tez-tez təşkil olunan kitab yarmarkaları, yaxud oxucularla keçirilən görüşlər və müxtəlif yarışların qaliblərinə kitab hədiyyə etmək də elə bu məqsədə xidmət edir. Belə tədbirlərin təşkil edilib təbliğ olunması çox əhəmiyyətlidir və söz yox ki, son vaxtlar bu tədbirlərin nəticəsi Azərbaycan mühitində nəzərəçarpacaq dərəcədə görünməkdədir.
-Zahid müəllim, müəllifə bütün əsərləri əzizdir, amma krimcə, “Ballıca” daha çox populyar oldu, sevilə-sevilə də oxundu. Əgər yazar kimi ən yaxşı əsərinizi seçmək imkanınız olsaydı, hansını seçərdiniz?
– Müəllifdən ötrü bütün əsərləri əzizdir, amma əlbəttə ilk övladın sevgisi də, ailə içində nüfuzu da fərqli olur. “Ballıca”-dan sonra cox əsərlər yarandı və hər yazıdan sonra sənə elə gəlir ki, sonuncu yazdığın hamısından yaxşıdır. “Qəlbinurun başına gələnlər” nağılından sonra da elə güman etdim ki, bu mənim şah əsərimdir, amma “Çırtdanla Azmanın yeni macəraları” adlı əsərim yazılanda da belə fikirləşirdim. Elə “Cınqı” yazılanda da.. Əsərin az və ya cox populyar olması da məsələni həll etmir. Qəribə olsa da uzun müddət ərzində çap etdirməyə ürəyim gəlməyən “Şəkərabad şəhərinin uşaqları” hekayələr toplusu bu gün indiyə qədər müəllifi olduğum bütün kitablarımdan daha çox oxunur.
-Uşaqlardan yaza-yaza adam bir də göz açıb görür ki, özü də bir uşağa çevrilib. Bu ağsaqqal çağınızda bəlkə uşaq Zahidi də yada salaq..Uşaqlığınız necə keçib?
– Uşaqlığım İkinci Dünya müharibəsinin başladığı dövrə düşüb. Mən orta məktəbi bitirdiyim günlərə kimi müharibənin ağrı və acısını hiss etmişəm. Bu savaş mənim uşaqlığımı əlimdən alıb. Bəlkə də elə bu müharibənin acığına uşaqlar üçün daha çox yazmışam. Müharibə oyunlarımızı və oyunçaqlarımızı əlimizdən alıb. Dəfələrlə yazmışam ki, hətta bu yaşımda belə mən uşaqlarla oynmağı sevirəm. AXI UŞAQ VAXTI DOYUNCA OYNAMAMIŞAM!
-Sizin adınız gələndə öncə uşaqlar üçün yazılmış bir çox əsərlərinin müəlli Zahid Xəlil yada düşür. Ancaq belə bir təsəvvür yaranır ki, ədəbiyyatda danılmaz zəhməti olan bir qələm adamının yaradıcılığını elə bil qəlibə salıblar. Yoxsa elə bu cür sevilib tanınmaq olubmu arzunuz?
– Yazılarımın birində qeyd etmişdim ki, ilk qələm təcrübəsi dövrlərində mən də Səməd Vurğun, ya da Rəsul Rza olmaq istəyirdim. Amma uşaq ədəbiyyatı buna mane oldu. Onu da etiraf edim ki, həmin istək qəlbimdən heç zaman silinməyib. Bəlkə hərdən böyük oxucular ücün nəsə yazmağım da bununla bağlıdı.
–Orta məktəb dərsliklərindən xəbəriniz var. Uşaqlar üçün yazılmış bir çox şeirlər, hekayələr, nağıllar biabırçı vəziyyətdədir. Uşaqların dilini bilməyən, bu balacaları duymağı bacarmayan, onların zövqünə bələd olmayanların mətnlərini görəndə, oxuyanda adam söz də tapmır. Dil, üslub, süjet, məna yox, mətn bərbad, üstəlik də estetikadan xəbərsiz istedadsızlar, özünü yazar kimi təqdim edən cızmaqaraçıların hamısı dərslikləri işğal eləyiblər. Bəs siz necə, məktəb dərsliklərinə əsərlərinizin salınmasını təklif etmisiniz, yaxud şəxsən sizə belə bir təklif olub?
– Xeyli müddət ibtidai siniflərin, yəni 2-ci və həm də 3-cü sinifərdə tədris edilmək üçün nəzərdə tutulan “Azərbaycan dili” dərsliklərinin müəlliflərindən biri də mən olmuşam. Etiraf edim ki,dərslik yaratmaq həqiqətən acınacaqlı bir işdir. Ancaq mən onun ağırlığına davam gətirmədim. Lakin məndən sonra yeni müəlliflər də gəldi və doğrusunu söyləsəm, mənim o dərslikləri indi müzakirə etmək niyyətim də yoxdur.
Amma bir maraqlı fakt hələ də yadımdadır. Bir dəfə məni Bakının, səhv etmirəmsə, 207 saylı məktəbinə dəvət etmişdilər. 44 günlük qələbə müharibəsinə həsr edilmiş bir tədbir idi. Mən elə güman edirdim ki, burada da “Dəmir yumruq” dastanından bəzi epizodlar səslənəcək. Amma çox zəif şeirlərə meydan verildi. Mən isə çıxışımda ehtiyatla bunu da xatırlatdım və dedim ki, axı bu müharibə xalqı bir yumruq kimi birləşdirdi. Xalq bu savaş dövründə sanki tək-tək oxumadı, mənim, orta məktəbin 4-cü sinif dərsliyində çap olunmuş “Xor” şerimdə olduğu kimi birlikdə oxudu. Bu zaman həmin məktəbin müəllimlərindən biri replika ataraq dedi ki, o şeir həmin dərslikdə yoxdur! Dedim var, axı. Müəllim mənə belə bir cavab verdi: “Mən dərsliyin müəllifi kimi deyirəm yoxdur”. Düşündüm ki həyatımızın və cəmiyyətimizin inkişaf tempini başa düşməyən belə bir müəllimlə orada mübahisə etmək ancaq bekarcılıq əlaməti kimi görünərdi.
-Son illərdə daha çox pedaqoji fəaliyyətlə məşğulsunuz, yoxsa yaradıcılıqla?
– Son illər ancaq hekayə yazıram. Arabir şeir də yazılır.
-Zahid müəllim, əgər ötən günləri geri qaytarmaq mümkün olsaydı, hansı illəri və nələri, yaxud da kimləri görüb onlarla birlikdə olmaq istəyərdiniz?
– Belə bir şey olsa, riyaziyyat müəllimim olan Şövkət müəllimdən üzr istəyərdim ki, riyaziyyat elminin dalınca getmədim. Əli Kərimi də, Məmməd Arazı da bağrıma basardım, həm də Xəlil Rzanın gur səsini dinləyərdim. Eləcə də Nigar Rəfibəylinin əllərindən əllərindən öpərdim…
-Ərköyün uşaqdan danışanlar nadincdən gileylənəndə belə deyərdilər: “Çox çətin uşaqdır”. Görəsən, ağsaqqal ərköyünlə, yaxud da tərs bir qocayla tez dil tapmaq daha asandı, ya nadinc uşağı dilə tutub yola gətirmək?
– Əgər mənim yazılarıma diqqət etsəniz, dərhal görəcəksiniz ki, mənim bütün baş qəhrəmanlarımın bəlkə də hamısı dəcəl uşaqlardır. Mənim fkrimcə, dəcəllik hər uşağın içindəki enerji ilə bağlıdır. “Orxan və dostları” romanım dəcəl olduğu qədər də gopçu olan Orxanın macəralarından bəhs edir.”Cınqı” da, mənim Cırtdanım da dediklərindən dönməyən, istədiklərinə nail olan dəcəllərdir. Onlar həmçinin bir növ xarakterli uşaqlardır. Üstəlik də “İki dost”-un qəhrəmanları belə axşamacan dəcəllik edən uşaqlardır. Onlar pəncərəni sındırır, qapını cəftəsindən çıxarır, sonra da hərəsinin bir dişi düşür. Amma ruhdan düşmürlər. Axırda biri deyir: Amma bu işin sonu Lap yaxşıca qurtardı, Orxan itmiş dişini tapıb evə apardı.
-Təşəkkür edirəm, Zahid müəllim. Uca Allahdan uzun ömür, sağlam can diləyi ilə sizinlə sağollaşıram. Var olun!
– Oqtay, yeri gəlmişkən, sənin atan Ağa Laçınlı ilə son görüşümüzü xatırladım.. Xərcəng xəstəxanasında ötəri, ayaqüstü görüşdük və ayrılanda da son sözləri bu oldu ki, Allah bizi bir də belə yerlərdə görüşdürməsin. Belə…
Söhbətləşdi: Oqtay Qorçu