Müsavat Partiyasının tanınmış üzvü Arif Hacılını başqanlığa namizəd olmamağa çağırdı –

“Partiyanın cəmiyyətdəki nüfuzu və mövqeyi xeyli aşağı düşüb”
17 Sentyabr 2019 - 10:50

ABŞ-da yaşayan Müsavat partiyasının üzvü, Nazirlər Kabinetinin Aparatının sabiq rəhbəri Ramiz Yunus Arif  Hacılıya açıq məktub yazaraq onu başqanlığa namizd olmamağa çağırıb.

Azpost.info-nun məlumatına görə, R.Yunus məktubunda  qeyd edir ki, siyasətçinin məsuliyyəti, milyonlarla insanın taleyinə təsir edəcək ölkənin problemləri qarşısında öz imkanlarını düzgün qiymətləndirməkdən ibarətdir.

“Bütün bu illər ərzində biz Müsavat Partiyasının əvəzedilməz lideri, 20 il ərzində bu partiyanı ölkənin ictimai-siyasi həyatında lideri etmiş İsa Qəmbərin yanında olmuşuq. Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq, İsa Qəmbər sonuncu qurultayda öz namizədliyini irəli sürmədi və bununla da partiya özünə yeni Başqan seçməli oldu. O, əsl lider olaraq, yeni Başqan kimi sizin yanınızda dayandı və əminəm ki, müsavatçıların seçdiyi istənilən yeni Başqanın yanında duracaq. Mən, Müsavat Partiyasının tarixi Vətəninə dönməsində həlledici rol oynamış İsa Qəmbərin tarixi missiyasını bunda görürəm. Lakin, gəlin səmimi və vicdanlı olaq, İsa Qəmbərin Başqanlıqdan getməsindən sonra, partiyanın cəmiyyətdəki nüfuzu və mövqeyi xeyli aşağı düşüb”.

R.Yunus vəziyyətin niyə belə olması haqqında diskussiya açmaq istəmədiyini yazaraq qeyd edib ki, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu bilir: “Azərbaycan və Müsavat Partiyası naminə ictimai-siyasi fəaliyyətinizi çox yüksək qiymətləndirirəm və elə buna görə də sizə müraciət etməyi düşündüm. Sizdən xahiş edirəm bu dəfə Başqanlığa namizədliyinizi verməyin, Azərbaycan cəmiyyətində çox böyük ictimai-siyasi nüfuza malik, partiyamızın vicdanlı və parlaq üzvü Tofiq Yaqublunun namizədliyini müdafiə edin. Əminəm ki, siz belə etsəniz, həm müsavatçılar, həm də bütövlükdə Azərbaycan cəmiyyəti bunu çox böyük razılıqla qarşılayar. Əlbəttə ki, mənim sizə Müsavat Partiyasının Azərbaycan tarixindəki rolu və əhəmiyyəti haqqında danışmağım yersiz olardı, ona görə də belə bir partiyanın liderlərinin tarixi məsuliyyətini və missiyasını nəzərə almağınızı xahiş edirəm. Biz hamımız birləşib Müsavat Partiyasını Azərbaycan cəmiyyətindəki layiq olduğu yerə gətirməliyik. Ümidvaram ki, bu məktubuma səmimi, tarixi məsuliyyətlə yanaşacaqsınız və Konfusi demişkən, qaranlıq otaqda olmayan qara pişik axtarılmayacaq”.