“Müxalifətə seçkidə birgə hərəkət təklifi verdik, amma alınmadı” –İsa Qəmbər

Müsavat Məclisinin üzvü, partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Ednews.net saytına müsahibə verib.

O, 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisindən danışaraq qeyd edib ki, Müsavat Partiyası seçki institutunu xilas etmək, yaşatmaq istəyir: “Məhz buna görə seçkidə iştirak əzmindəyik. Bizim üçün əsas məsələ mandat deyil, xalqın seçdiyi insanların millət vəkili olaraq ölkəmizə, insanlarımıza xidmət etməsidir. Mən Müsavatın namizədlərini tanıyıram və normal seçkidə onların əksəriyyətinin qalib gələ biləcəyinə inanıram. Lakin siyasi sistemin mahiyyətinə bələd olduğumuz üçün deyə bilərəm ki, qalib gəlmiş müsavatçılardan neçəsinin qələbəsinin tanınması hakimiyyətin intellektindən asılıdır”.

İsa Qəmbər əlavə edib ki, Müsavat Partiyasının rəhbərliyi bütün gerçək müxalifət qurumlarına birgə hərəkət təklifi verib: “Bu təklifi əksər qüvvələr qəbul etsə də, tam birlik alınmadı. Hər bir qüvvənin və fərdin müstəqil qərar hüququna hörmətlə yanaşmalıyıq”.

1957-ci ildə doğulan İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.

Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 5-də İlham Əliyev Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.

Müsavat Partiyası Məclisinin 7 dekabr iclasında 9 fevral seçkisində iştirak qərarı verilib.

Aparıcı müxalifət partiyalarından AXCP seçkini boykot edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ” 3 milyon 870 min avro qazandı

Sonrakı məqalə

Britaniyada parlament seçkilərində mühafizəkarlar qalib gəlir –