“Müxalifət hər vəchlə Paşinyanın devrilməsinə çalışır” –Deputat Cavanşir Feyziyev

“Hər dəfə danışıqlar ərəfəsində Ermənistan tərəfindən təxribatların törədilməsi artıq ənənə halını almaqdadır”.

Bunu 1news.az-a açıqlamsında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“Lakin bu təxribatların səbəbini birmənalı şəkildə təsbit etmək mümkün deyil. Bunun Ermənistan tərəfinin danışıqlar prosesini uzatmaq cəhdi kimi dəyərləndirənlər də var. Bu kimi təxribatlar Ermənistandakı daxili siyasi ziddiyyətlərin təzahürü də ola bilər. Revanşist müxalifət hər vəchlə Paşinyan hakimiyyətinin devrilməsinə çalışır. Bu məqsədlə sülh danışıqları ilə bağlı hökümətin istənilən addımını önləmək üçün heç bir təxribatdan çəkinmir. Eyni zamanda bu təxribatların Rusiya qüvvələri tərəfindən təşkil olunduğunu iddia edənlər də var. Sülh prosesini ləngitməklə gərginlik şəraitindən istifadə edərək bölgədə öz təsirini təmin etmək və ya artırmaq məqsədi ilə Fransa və ya İran da belə təxribatların baş verməsində maraqlı ola bilər. Bu kimi hallarda Ermənistanın öz rəhbərliyi də aciz qalır”.

Cavanşir Feyziyev qeyd edib ki, bu təxribatların hansı qüvvə tərəfindən törədilməsindən asılı olmayaraq bütövlükdə iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmaq məqsədi güdür.

“Beynəlxalq təşkilatlardan çox şey gözləmək düzgün deyil. Əgər 30 il ərzində torpaqlarımızın işğaldan azad olunması üçün heç bir təsirli addım atmayıblarsa, indi onların hər hansı bir təxribat epizoduna ciddi reaksiya verəcəyini və bu reaksiyanın bölgədə nəyisə dəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olardı. Təxribatların qarşısını ala bilən və ya daxili və xarici destruktiv qüvvələri daha böyük terror aktlarından çəkindirən yeganə qüvvə Azərbaycan Ordusu və Azərbaycan əsgəridir. Ermənistan Ordusunun qalıqları heç bir şəkildə Azərbaycan Ordusunun qarşısına çıxmaq iqtidarında deyil. Ona görə terrorçu ünsürlər daha aktiv görünür. Baş verən təxribatlar erməni millətçilərinin son çırpıntılarıdır, Azərbaycanın siyasi və hərbi qüdrəti qarşısında ümidsizliyin və acizliyin təzahürüdür”.

Xatırldaq ki, mayın 10-da axşam saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları – Novruzəlizadə Orxan Elxan oğlu həlak olub, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanıb.

Əvvəlki məqalə

Lukaşenko BMT-nin sammitinə dəvət olunub

Sonrakı məqalə

“Kimin necə öləcəyi bəlli olmaz…”-