Müxalifət parlament seçkilərində iştirak edəcəkmi?

Ölkənin bir sıra müxalif partiyalarının təmsilçiləri və bir sıra ekspertlər dekabrın 3-də Müsavat Partiyasının qərargahında bir araya gəliblər.

Dəyirmi masa iştirakçıları qarşıdakı parlament seçkiləri ilə bağlı öz mövqelərini ifadə ediblər. Müsavat başqanı Arif Hacılı parlamentin buraxılmasının doğru olduğunu deyib. Onun sözlərinə görə bu parlament azad və demokratik seçki əsasında seçilməyib.

“Yaxşı olar ki, ya hamı seçkilərə getmək, ya da hamı boykot qərarı ala. Amma belə olmayacağından cəmiyyət və müxalifət üçün ən optimal variant seçimi edilməlidir”.

Arif Hacılı hesab edir ki, hakimiyyət normal seçki şəraiti yaratmamaqla müxalifəti seçkiləri boykota vadar edir. Yeni yaradılmış Haqq Ədalət Partiyası Təşkilat komitəsinin sədri Əli İnsanov isə düşünür ki, hakimiyyət avrointeqrasiyadan imtina edib. O hesab edir ki, buna hakimiyyət yox, xalq qərar verməlidir.

Öz növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi də deyib ki, parlament ölkə rəhbərliyinin standartlarına cavab vermədiyindən buraxılıb. O deyib ki, söhbət təkcə seçkidən yox, həm də sonrakı addımlardan gedir: “Xalqı seçkiyə aparacağıqsa, sonra nə edəcəyik?. Seçki komissiyalarında təmsilçilərimiz yoxdur. Odur ki, seçkidə iştirakdan danışmaq hələ tezdir. Həm də söhbət birmənalı olaraq seçkidən gedir, seçki imitasiyasından yox”.

ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə deyib ki, seçkilərdə iştirakın alternativi yoxdur. Onun fikrincə, xalqı kütləvi şəkildə bu prosesə cəlb etmək lazımdır: O əlavə edib ki, fevral-mart aylarında parlament seçkiləri baş tuta bilər: “Müxalifətin nə edə biləcəyini müzakirə etməliyik, hakimiyyətin oyununu poza biləcəyikmi?”.

Natiq Cəfərliyə görə, hakimiyyət istəyir ki, heç kim seçkilərə getməsin: “Hamını seçkilərə cəlb etmək lazımdır, bunun başqa yolu yoxdur”.

Dekabrın 2-də Milli Məclisin növbədənkənar iclası keçirilib.

İclasda hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciəti müzakirə edilib.

Müzakirələrdə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.

Sənəddə parlamentin buraxılması islahatlara dəstəklə əlaqələndirilib.

Qərar böyük səs çoxluğu ilə qəbul edilib.

Ötən həftə, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər.

YAP Siyasi Şurası qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Azərbaycan Milli Məclisi 125 deputatdan ibarətdir. Hazırda parlamentdə 118 deputat fəaliyyət göstərir. Deputatların 70 nəfəri hakim partiyanın üzvüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 98 (1)-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır.

Hüquqşünaslar hesab edir ki, hakim partiyanın üzvü olan 70 deputat mandatından imtina etdiyi halda yeni seçkilər təyin edilə bilər. Çünki konstitusiyaya görə, Milli Məclisin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir.

Hakim partiyanın üzvü olan 70 deputat mandatından imtina etdiyi halda parlamentin iclasının səlahiyyətli olması üçün lazım olan 83 deputat olmayacaq.

Qanunvericiliyə görə, Milli Məclisə yeni seçkilər azı 60 gün müddətində keçirilə bilər. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan sülh planı ilə bağlı mövqeyini ATƏT-ə təqdim edib –

Sonrakı məqalə

ABŞ-ın ən zəngin 10 şəhəri –