Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində terrorla mübarizə mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib.
Təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.
Taktiki-xüsusi təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, əsas diqqət şəxsi heyətin binalarda antiterror əməliyyatlarının aparılması, əsir və girovların azad edilməsi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.
Təlimin ssenarisinə əsasən əhali arasında çaxnaşma yaratmaq məqsədilə şərti düşmənin təxribat-diversiya qrupunun üzvləri bir neçə nəfər mülki vətəndaşı əsir götürərək tərk edilmiş çoxmərtəbəli binada gizlənirlər. Terrorçuların zərərsizləşdirilməsi və əsir götürülmüş mülki vətəndaşlarımızın azad edilməsi tapşırığını almış xüsus təyinatlı qruplar helikopter və zirehli avtomobillərlə eyni anda binaya həmlə edirlər. Antiterror əməliyyatlarının icrası zamanı yaralanan hərbi qulluqçumuza çevik şəkildə tibbi yardım göstərilir və yaralının təhlükəsiz şəkildə helikopterlə təxliyyəsi həyata keçirilir.
Müxtəlif üsul və vasitələrdən istifadə edərək binaya daxil olan xüsusi təyinatlı qruplar təxribatçıları zərərsizləşdirməyə davam edirlər.
Xüsusi təyinatlılarımız yaxın döyüş və atəş üsullarının tətbiqi ilə təxribatçıları qarşılıqlı əlaqədə fəaliyyət göstərmək imkanından məhrum edərək zərərsizləşdirirlər.
Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlılarımız təxribatçıların əksəriyyətini məhv edir, müxtəlif silah nümunələrini ələ keçirir, terrorçuların bir neçəsini əsir götürür və mülki vətəndaşlarımızı sağ olaraq əsirlikdən azad edirlər.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin sonunda mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev hazırda uğurla davam edən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi ilə bərabər müxtəlif qoşun növləri və xüsusilə də xüsusi təyinatlı bölmələrlə keçirilən taktiki-xüsusi təlimlərdə hər iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və döyüş əzmi nümayiş etdirdiyini diqqətə çatdırıb.
Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.