Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Yaxın günlər ərzində respublikanın bir sıra ərazilərində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, leysan xarakterli yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

FHN-dən bildirilib ki, müraciətdə güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq məsləhət görülür.

Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Əvvəlki məqalə

“Azərbaycanla sülh sazişi əhəmiyyətlidir”

Sonrakı məqalə

Arda Gülər Ronaldonu qabaqlayıb