Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq

23 Oktyabr 2021 - 12:01

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir.

APA-nın “Aliq Media”ya istinadən verdiyi xəbərə görə, sənədlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanacaq.

Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənəd Vladimir Putinin də vurğuladığı kimi, Bakı və İrəvan arasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını göstərən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə əsaslanır.

İkinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.