“Öldürmək fikrim olmayıb, özüm də şoka düşdüm” –Prorektorun qətlinin üstü 12 ildən sonra necə açlıb?

“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətlində ittiham olunanların cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Azpost.info “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham aktı elan edilib.

İttihamda deyilir ki, təqsirləndirilən Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru işləyərkən universitetin prorektoru Tariyel Əhmədovu özünə rəqib hesab edib, gələcəkdə onun rektor ola biləcəyini düşünüb. Atakişiyev belə qənaətə gəlib ki, Əhmədovu aradan götürməklə işləri həll edə bilər. O, bu haqda bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb. O, Dəyanətə T.Əhmədovu maşınla və ya küt alətlə vurmağı tapşırıb.

Dəyanət Quliyev bundan sonra uşaqlıq dostu Samir Quliyevlə görüşüb, prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana görə, prorektor səhər gəzintisinə çıxan vaxt Samir onu vurmalı idi. S.Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində gəzintiyə çıxan T.Əhmədovu tək yaxalayıb. O, əlindəki dəmir boru ilə bir neçə dəfə Əhmədovun baş nahiyəsindən güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.

Müttəhimlər D.Quliyev və S.Quliyev ittihama münasibətdə özlərini təqsirli biliblər. Qətlin sifarişçisi kimi ittiham edilən professor Atakişiyev isə verilmiş ittihamla razılaşmır. Lakin sabiq rektor cinayətdən tam da boyun qaçırmır. O, özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə-ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilir.

Atakişiyev deyir ki, mərhum prorektorla əvvəllər yaxın dost olublar, lakin rektor təyin ediləndən sonra Əhmədov onu qısqanıb. Bir müddət sonra isə iş o yerə çatıb ki, Əhmədov onu tutdurub rektor olmaq istəyib. Bundan sonra cinayət planı ortaya çıxıb: “Mənə məlumat verdilər ki, bəs Tariyel müəllim hər şeyi həll edib, yaxın vaxtlarda rektor olacaq. Deyim ki, Tariyel çox narahat adam idi. Ora-bura şikayət edirdi, mediaya çıxırdı. Yerimə keçmək istəməsindən əlavə, məni həbs etdirməyi planlayırdı. Belə bir xəbər də çatmışdı mənə… Vəzifə mənə maraqlı deyildi, əsas məni həbs etdirmək istəməsi idi. Ona görə narahat idim. Elə yerlərlə əlaqəsi var idi ki, məni tutdura bilərdi.

Nə isə axırda məcbur qaldım bacım oğlu Dəyanətə tapşırıq verdim ki, Tariyelə yüngül xəsarət yetirsin. Qətiyyən öldürtdürmək niyyətim olmayıb. İnsan çörək kəsdiyi adama elə zərbə endirməz axı… Bir-iki aylıq xəstəxanada yatması mənə kifayət idi. Həmin müddətdə işlərimi həll edəcəkdim. Həm ölməsi mənə sərf etmirdi, onunla prinsipdə olan adam kimi ilk məndən şübhələnərdilər. Düşündüm ki, xəsarət alsaydı, uzağı bir yolla həll edərik. Dəyanət mənim bacım oğludur, ona valideyn kimi olmuşam. Ailəsinə mən baxmışam, universitetə girməsinə və işləməsinə kömək etmişəm. Buna görə Dəyanətə etibar etdim. Samiri isə ilk dəfə istintaq vaxtı görmüşəm. Mənə verilmiş ittiham absurddur, 120-ci maddə ilə özümü təqsirli saymıram. Mən Dəyanətə demişdim ki, Tariyelə maksimum yüngül xəsarət yetirsin. Hadisə günü eşidəndə ki, Tariyel ölüb, şoka düşdüm”.

Sərbəst ifadələr zamanı məlum olub ki, cinayət əməlinin üstü elə Dəyanət Quliyev vasitəsilə açılıb. Dəyanət hadisədən 12 il sonra  Daxili İşlər Nazirliyinin 102  qaynar xətt nömrəsinə zəng edərək T.Əhmədovu öldürdüyünü deyib. 

Prokuror Cövdət Mehraliyev D.Atakişevə məhz bu epizodla bağlı sual verib, ondan bu məsələ ilə əlaqəsini soruşub.

Atakişeyevin cavabından məlum olub ki, həmin gün Dəyanət ona zəng edib 4 min manat pul istəyib: “Dedi ki, qumarda 4 min manat pul uduzmuşam. Mən də əsəbiləşdim, qumarda uduzan adama verəcək pulum yoxdur dedim. Bundan sonda 102-yə zəng edəcəyini dedi. Dəyanət qumara pis alışmışdı.”

Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyevi maraqlandıran məsələ isə Atakişiyevin ifadəsi əsnasında nəyə görə mərhum Əhmədovun onu tutdura biləcəyini deməsi olub: “Hansı qanunsuz hərəkət etmişdiz ki, deyirsiz Əhmədov məni tutdura bilərdi. Qanun var, qayda var, günahsız adamı necə tutdurmaq olar?”,-hakim sual verib.

Müttəhim bunu zərərçəkmişin müxtəlif qurumlara ardıcıl şikayətlər etməsi ilə əlaqələndirib. Lakin əsaslı bir səbəb göstərə bilməyib.

Qətlin icraçısı kimi ittiham edilən Samir Quliyev sərbəst ifadəsində hadisə günü baş verənləri danışıb. S.Quliyev deyir ki, vurduğu adamın kim olduğunu bilməyib: “Dəyanət dedi ki, bir nəfərlə hesabım var, onu qorxuzmaq lazımdır. Dediyinə görə, ona işi ilə təzyiq edirmiş. Həmin vaxt Dəyanət maşınından dəmir boru çıxarıb verdi, qorxuzacağım adamı onla vurmalı idim.

Bundan sonra bir neçə gün zərərçəkmişi izlədim. Hadisə günü səhər tezdən idman etmək üçün həyətə düşmüşdü, elə həmin vaxt əlimdəki dəmir boru ilə başına və bədəninə bir neçə zərbə vurdum. Huşu itəndən sonra Musabəyov parkına gəldim, taksiyə minib İmişliyə qayıtdım.

Mərhumu öldürmək fikrim olmayıb, sadəcə xəsarət yetirmək istəyirdim. Həmin gün içkili idim, həm öldürmək fikrim olsaydı, özümlə bıçaq aparardım. Hadisədən bir neçə gün sonra Bakıya qayıtdım. Dəyanətlə yeyib-içəndə dedi ki, öldürdüyüm adam prorektor idi. İttihamda yazır ki, Dəyanət mənə 40 min dollar verib, yalandır. Amma bir neçə dəfə mənə dost kimi 300-500 manat kömək edib”.

Məhkəmə heyətinə daxil olan hakimlərdən biri D.Quliyevdən nəyə görə polis əməkdaşı olan adamın qanunsuz tapşırığını yerinə yetirməsinin səbəbini soruşub.

Hakimin “Dəyanət polisdir, necə etibar etdiz, qorxmadız ki, tutula bilərsiz?” S.Quliyev “Dedi ki, tutulsan türmədə sənə baxacağam”-cavabını verib.

Qətlin təşkilatçısı kimi ittiham edilən Dəyanət Quliyev də digər müttəhimlərin ifadəsinə oxşar danışıb: “Hadisədən bir müddət əvvəl dayım məni yanına çağırdı. Dedi ki, Tariyel dayanmadan şikayət edir, bunu qorxuzmaq lazımdır. Prorektoru maşınla və ya daşla vurub xəsarət yetirməyimi istədi. Dedi bir-iki ay şikəst qalsın, o müddətdə işlərini həll edəcək, rektorluq müddəti də uzadılacaq. Mərhumun mənimlə də arası pisləşmişdi. Deyirdi ki, bəs işlər həll olsun, sənin də sonun olacaq. Dayım elə bilirdi ki, hadisəni mən törədəcəyəm, kiməsə tapşıracağımı bilmirdi. Samirlə danışdım, işi həll etdi.”

Təqsirləndirilən şəxs ifadəsinin sonunda 12 il sonra cinayətin üstünün açılmasından danışıb: “Hadisənin üstündən illər keçdi, təqaüdə çıxdım. Son vaxtlar başım pozulmuşdu. Evdəkilərlə də münasibətim pis idi. Dayımdan da pul istədim, vermədi. Bir dəfə özümü binadan atmaq istədim, imkan vermədilər. Sonra özümü cilovlaya bilmədim, 102-yə zəng edib etiraf etdim. Dedim ki, illər əvvəl Tariyel Əhmədovu mən öldürmüşəm. Həmin vaxt Samirlə dayımın adını çəkmədim. Hər şeyi öz üzərimə götürdüm”.

Zərərçəkmiş Tariyel Əhmədovun hüquqi varisi qismində oğlu Zaur Əhmədov tanınıb. Bugünkü iclasda o da ifadə verib. Hüquqi varis deyib ki, atasının qətlində iki nəfərdən- yeznəsi və Müşfiq Atakişiyevdən şübhələniblər. Yeznəsindən ona görə ki, ailədaxili problemləri olub. Mərhumun oğlunun dediyinə görə, hadisədən sonra M.Atakişiyevlə münasibətləri davam edib, dəfələrlə atasının ölümü haqda söhbətləri olub: “Deyirdi ki, atamla prinsipdə olub, öldürsəydi, ondan şübhələnərdilər. Atam ölümündən əvvəl deyirdi ki, M.Atakişiyev yaxın vaxtlarda vəzifəyə gedəcək, onun yerinə də mən təyin ediləcəyəm. Onu da demişdi ki, Atakişiyev rektorluqdan getməsə belə, onun haqda şikayətlər var, həbs ediləcək”.

Proses yanvarın 31-i davam edəcək.

Qeyd edək ki, M.Atakişiyev, D.Quliyev və S.Quliyevə qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əvvəlki məqalə

Çətin relyefli ərazilərdə xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub

Sonrakı məqalə

HƏMAS Rusiyanın girovların qaytarılması tələbini rədd edib