“Hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsi vacibdir”.
Bu barədə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev bildirib.
Ə. Nağıyev aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb.
Qeyd olunub ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir.
Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür.
“Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində çıxış edən Ə. Nağıyev bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.
Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışan DTX rəisi vurğulayıb ki, respublikamızda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək.