Ölkəyə qanunsuz yolla külli miqdarda qızıl gətirilməsinin qarşısı alınıb

28 Yanvar 2021 - 14:45

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Aparılan ilkin araşdırma nəticəsində sözügedən qaçaqmalçılıq predmetlərinin Türkiyədən ölkəmizə yük daşıyan “Mersedes-Benz Actros” markalı nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənləşdirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, “Mazımçay” gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən hava balonunun içərisində şübhəli cizgilər müşahidə olunduğundan yük avtomobili ətraflı yoxlamaya cəlb olunub. Bu zaman hava balonunun içərisindən müxtəlif rəngli falqalara bükülən, üzəri yapışqan lentlə sarınmış bağlamalarda 1400 ədəddən çox, ümumi çəkisi 5397 qram qızıl-zinət əşyası aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.