Ölkədə pensiyaçıların sayı niyə azalıb? –Azərbaycanda nə qədər pensiyaçı var? (EKSPERT RƏYİ)

“2011-2020-ci illərdə Azərbaycanda pensiyaçıların sayı 1,7% azalıb. Amma bölgələr üzrə statistika çox fərqlidir. Abşeron rayonu üzrə 24%, Bakı şəhəri üzrə 11%, Naftalan şəhəri üzrə 7% artım qeydə alınıb, Qobustanda 19%, Ucarda 18%, Qusarda 16% azalma olub”.

Azpost.info bildirir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, pensiyaçıların sayındakı eniş yaşa görə pensiyaçıların sayında azalmadan doğur: “2011-2020-ci illərdə yaşa görə pensiyaçıların sayı ölkə üzrə 11% azalıb. Bakı üzrə 8%, Abşeron üzrə 7%-ə yaxın artım qeydə alınıb. Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Qusar, Quba, Yevlax, Ağdaş və Zərdab kimi rayonlar üzrə 20-32% intervalında azalma olub”.

2011-ci ilin əvvəlinə kişilərin pensiya yaşı 61 il 6 ay, qadınların pensiya yaşı 57 il 6 ay idi.

“Əlilliyə görə pensiya alanların sayı 2011-2020-ci illərdə ölkə üzrə 18% artıb. Bu statistikada demək olar bütün bölgələr üzrə artım var. Ən çox artım Ağsu (66%), Saatlı və Abşeron (44%), Zərdab (43%), Şirvan (38%), Göygöl (34%), Yardımlı (31%), Ağcabədi və Beyləqanın (26%) payına düşüb. Ən az artım Salyan (1,8%), Naxçıvan Muxtar Respublikası (2,2%), Quba və Neftçala (4%), Göyçay, Ucar və Balakən (5%), Lerik, Lənkəran və Bərdə (6-7%) İsmayıllı və Qobustanda (9%) olub.

Ailə başçısını itirməyə görə pensiya alanların sayında ölkə üzrə artım 6%-dır. Lakin Abşeron rayonu üzrə 65%, Göygöl və Kürdəmir üzrə 40%, Salyan və Cəlilabad üzrə 20-24% intervalında artım, Goranboyda 65%, Ağsuda 40%, Ucarda 25%, Balakəndə 20% azalma rəsmiləşib.

2020-ci ilin nəticələrinə görə, ölkə əhalisinin 12,7%-i pensiya alıb. Bu göstərici Mingəçevirdə 17,2%, Bakı şəhəri üzrə 16,3%, Sumqayıt, Naftalan, Gədəbəy və Daşkəsəndə 15-16% intervalında, Gəncə və Qazaxda 14%-ə yaxın, Xızıda 8,8%, Qubada və Hacıqabulda 9-9,5% intervalındadır, digər bölgələr üzrə 10-13% aralığında dəyişir.

2011-ci ildə bütün pensiyaçıların 26%-i Bakının payına düşürdü. Hazırda pensiyaçıların 29%-dən bir qədər çoxu Bakıda qeydə alınıb”.

Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi 2010-cu ilin əvvəlinə pensiyaçıların sayını 1 milyon 308,4 min nəfər göstərib.

2011-ci ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 292,2 min nəfərə, 2012-ci ilin əvvəlinə 1 milyon 277,6 min nəfərə, 2013-cü ilin əvvəlinə 1 milyon 272,1 min nəfərə düşüb.

2014-cü ilin əvvəlinə 1 milyon 277,1 min nəfər pensiyaçı qeydə alınıb.

2015-ci ilin əvvəlində 1 milyon 290,9 min nəfər, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min nəfər, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min nəfər, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.

2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə, 2021-ci ilin əvvəlinə 1 milyon 228,8 min nəfərə enib.

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. Hazırda kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan ötən il hərbi xərcləri 17 faiz artırıb –

Sonrakı məqalə

Şəmkirin icra başçısı və müavini saxlanılıb –