Ölkədə uşaq ədəbiyyatı üçün hansı yeni trendlər lazımdır?

 Uşaq ədəbiyyatı uşaqların həyata və dünyaya açılan ilk pəncərəsidir. Ata və analarından sonra uşaqların həyatla, ətraf aləmlə, dünya ilə tanışlığı bununla başlanır. Uşaq ədəbiyyatı nümunələri uşaqları əyləndirməklə bərabər həm də düşündürür, zənginləşdirir.

Uşaqlar onları daha çox cəlb edən şeirlərin və hekayələrin təsiri ilə böyüyür, irəliyə baxırlar. Uşaq ədəbiyyatı həm də uşaqların böyük ədəbiyyata keçidi üçün bir körpüdür.  Uşaqların böyük həyata hazırlanmasını uşaq ədəbiyyatı olmadan təsəvvür etmək mümkün deyil. Uşaq ədəbiyyatı əsl məktəb, uşaq yazıçısı isə ən yaxşı müəllimdir.

Mühüm olan odur ki, uşaq ədəbiyyatı ideologiyaya ən az məruz qalan ədəbiyyat hesab olunur. Uşaqlar üçün yazılmış ədəbiyyatda böyüklər üçün də cəlbedici və düşündürücü olan mətləblər öz əksini tapır. Ana dilini qoruyub saxlamaq və uşaqlara sevdirmək Azərbaycan uşaq ədəbiyyatının ən böyük tarixi nailiyyətidir. Vətənpərvərlik uşaq ədəbiyyatının canı və ruhudur. Sadə və aydın ana dilində yazılmış və vətənpərvərlik üstündə köklənmiş Azərbaycan uşaq ədəbiyyatı xalqımızın müstəqil dövlətçilik uğrunda mübarizəyə hazırlanmasına şərəflə xidmət edib.

Ölkədə uşaqlar üçün yzılan ədəbiyyatın çox zəif olması barədə fikirlər mövcuddur. Bu gün valideynlər paytaxtda, bölgələrdə uşaqları üçün onların yaşına və zövqünə uyğun Azərbaycan dilində kitablar tapmaqda çətinlik çəkirlər. Çünki belə kitablar çox azdır və tələbatı ödəmir. Uşaq kitablarının əksəriyyəti ya rus dilindədir, ya çox keyfiyyətsizdir, ya da maraqsızdır. Belə kitablarda uşaqların yaşına uyğun olmayan, onların anlaya bilməyəcəyi sözlər və məqamlar çox olur.

Mütəxəssislər hesab edirlər ki, bu sahədə ölkədə son illər müəyyən işlər görülsə də, hələ də ciddi çatışmazlıq var. Uşaqlarda kitaba qarşı alışqanlıq yaranmasa, onda təhsilə də maraq olmayacaq. Bunun üçün isə, ilk növbədə, uşaqların zövqünə və yaşına uyğun, keyfiyyətli, eyni zamanda, öz dilimizdə tariximizi, mədəniyyətimizi, əxlaqımızı təbliğ edən kitablar olmalıdır.

TEAS Press-in uşaq ədəbiyyatı bölməsinin rəhbəri xanım Kolin Makdonelın fikrincə, kitablar mütləq yaş hədlərinə görə bölünməlidir. Məhz bundan sonra kitabın içinin mükəmməliyindən danışmaq olar. Bundan başqa, onlar bir sıra digər tələblərə cavab verməlidir: “Uşaq kitabları üçün yaş həddi iki yaşından başlayır. Onlar üçün kitabların kənarı dairəvi, vərəqləri qalın olmalıdır. Çünki körpə kitabı əlindən sala bilər və kitabın cildinin tini iti olsa, bu zaman onun ayağını əzə bilər.

Aşağı yaşlı uşaqlar üçün nəzərdə tutulan kitablarda sözlərdən çox şəkillərdən istifadə edilməlidir. Bu, uşaqların təxəyyülünü inkişaf etdirmək üçün çox vacibdir. Yaş həddi artdıqca isə kitabdakı sözlər çoxalmalı, şəkillər isə balacalaşmalıdır.

Uşaq kitablarında yazıların ölçüləri də böyük olmalıdır. Rəng seçimində də diqqətli olmaq lazımdır. Şəkillər gözü yoran, çox qabarıq rənglərlə verilməməlidir. Bundan əlavə, rəng seçimində xüsusilə gözü zəif uşaqlar nəzərə alınmalıdır. Eyni zamanda, kitablardan qoxu gəlməməlidir, çünki bu, allergik reaksiyası olan uşaqlara pis təsir edə bilər”.

“Göyərçin” jurnalının baş redaktoru, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun sözlərinə görə Azərbaycan uşaq ədəbiyyatı yazarları diqqətdən kənardadır. Çətinlik yayımla bağlı olan məsələlərdəndir. Onun sözlərinə görə, yüksək potensialı olan uşaq nağıl yazarlarımız var. Onlara İlyas Tapdıq, Zaur Xəlili, Qəşəm İsabəyli, Ələsgər Əlioğlu, Sevinc Nuruqızı, Ələmdar Quluzadə və başqaları uşaq ədəbiyyatı ilə ciddi şəkildə məşğul olurlar. Onların kitabları çap olunsa da, ancaq onlar az tirajla çap olunur.

O qeyd edib ki, uşaqlar üçün çap olunan balaca bir kitab böyüklər üçün çap olunan 10 kitabın həcmi qədər pul tutur. Bunun üçün müəlliflərin gücü çatmır ki, onları yüksək səviyyədə çap etsinlər və oxuculara təqdim etsinlər. Bu da uşaq ədəbiyyatının inkişafına maneçilik yaradır.

Ekspertlər uşaq ədəbiyyatının strateji əhəmiyyətə malik olan bir sahə olduğunu deyirlər. Belə ki, uşaq ədəbiyyatı böyüklər üçün hazırlanan ədəbiyyatdan heç də az əhəmiyyət kəsb etmir. Bu gün uşaq ədəbiyyatını oxumayan azyaşlılar sabah bədii ədəbiyyatı da oxumayacaqlar.

Ölkədə uşaq ədəbiyyatının təbliğatı demək olar ki, yox dərəcəsindədir. Uşaqlar internet vasitəsi ilə başlarını qatırlar. “Düzdür, çap olunuruq, dövlət qayğısı var, ancaq yayım məsələsində böyük problemlərlə üzləşirik. Bu məsələ beş-on adamın işi deyil. Uşaq ədəbiyyatının inkişafı üçün ciddi addımlar atılmalıdır. Yeni nəslin uşaq ədəbiyyatına gəlməməsi düşündürücü məsələdir. Yeni uşaq yazarlarını həvəsləndirmək lazımdır. Uşaq ədəbiyyatı çox geridə qalıb. Hər şeyin gözəlini biz uşaqlara veririk, ancaq bu sahə çox arxada qalıb”-deyə R. Yüsifoğlu bildirib.

“Altun” kitab nəşriyyatının direktoru Rafiq İsmayılovun fikrincə,  problemlər olsa da uşaq ədəbiyyatı ilə bağlı vəziyyəti o qədər də böhranlı saymır: “Uşaqlar üçün yazan yazıçılar da var, uşaq əsərləri də çap olunur. Xüsusən son dövrdə bu sahədə çalışan yazıçılarımız var. Sadəcə, ortada keyfiyyət və kəmiyyət məsələsindən söhbət gedir”.

Naşirin fikrincə, Qərblə müqayisədə öz ədəbiyyatımız çox geridədir.  Avropada kitab sərgilərində nümayiş etdirilən uşaq ədəbiyyatı, onların çeşidi, tərtibatı, poliqrafik keyfiyyətini müqayisəsi göstərir ki,  biz hələ o səviyyəyə gəlib çatmamışıq.

Əsas məsələlərdən birifi uşaqlar üçün məşhur bədii obrazların yaradılmamasıdır. “İndi uşaqları Cırtdanla, Göyçək Fatima ilə cəlb etmək olmaz. Hansısa mərhələdə bu alına bilər, amma onların bu obrazlara marağı uzun müddət davam etməyəcək. İndi Şrek, Harri Potter kimi obrazlar daha çox maraq dairəsindədir”.

Psixoloqlar bu məsələ üzərində işləməli və uşaqların nə üçün Qərbdən gələn obrazlara meyil etdiyini aydınlaşdırmalıdırlar. Uşaqların  daha çox öz milli obrazlarımıza meyil etməsi mühümdür. Məsələn, türklər bununla bağlı məqsədlərinə nail olublar. Onların Kəloglan obrazı nəinki Türkiyə, hətta brend kimi xaricə də çıxır. Bizdə isə, hələ ki, belə bir obraz yaranmayıb. Kitablarımız 80-90-cı illərin səviyyəsindədir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli hesab edir ki, uşaq ədəbiyyatı ciddi məsələdir. “Uşaq ədəbiyyatından söz düşən kimi adətən ilk sual belə olur: uşaqlar üçün olan ədəbiyyat neçə yazılmalıdır? Və müxtəlif fikirlər meydana çıxır. Əslində isə həmin sualdan da ciddi vəzifə “Uşaqlar nə oxumalıdırlar”, yaxud “Uşaqlar nə oxumaq istəyərdilər” suallarına cavab tapmaqdan ibarətdir. Çünki neçə, hansı bədii formada, dil və üslubda yazılmağından asılı olmayaraq, həmin bədii ədəbiyyat və musiqi örnəklərini ilk növbədə uşaqlar seçməli, sevməli, oxumalı və bəyənməli və mənimsəməlidirlər. Əks halda, biz uşaqlara nəyi isə diqtə etmiş olarıq”.

Onun sözlərinə görə, uşaq şairi və yazıçısının ilk növbədə həm də yaxşı müəllim – psixoloq olmaları vacib şərtlərdən biridir. “Təcrübə göstərir ki, uşaq bağçaları ilə, məktəblərlə, pedaqoji fəaliyyət sahələri ilə məşğul olan, əlaqəli olan yaradıcı qüvvələr bu sahədə daha çox müvəffəq olur, nailiyyətlər əldə edə bilirlər”.

Mütəxəssislər ölkədə uşaq ədəbiyyatının inkişafı üçün bir sıra təkliflərini irəli sürüblər.

Uşaq ədəbiyatı nəşrləri mexanizminin tənzimlənməsi üçün dövlət nəzarəti olmalı, bu sahə ciddi yanaşmanın predmetinə çevrilməlidir. Nəşriyyatlar idxal etdikləri məhsula kommersiya maraqları səviyyəsindən yox, gələcəyimiz üçün atılan addım kimi baxmalıdır. Bunun üçün  ciddi, peşəkar uşaq ədəbiyyatı nümunələri yaradanlarla əməkdaşlıq edilməldir. Kitabdan alınan təəssürat nə qədər güclü, təsirli olursa, uşaq yaddaşında, poetik və estetik duyumunda, həyatı dərkində bir o qədər rol oynayır.

Eyni zamanda ciddi ədəbi nümunələr təbliğ olunmalı, alternativ olaraq uğurlu ssenari mətnləri yaradılmalıdır. Xüsusilə dilin təmizliyinin, şirinliyinin qorunmasına prinsipiallıqla yanaşılmalıdır.

Televiziya ilə birgə əməkdaşlığa yol olmalıdır, maraqlı uşaq filmləri çəkilib təqdim olunmalıdır. Uşaqlarımız hələ də “Sehrli xalat”, “Bir qalanın sirri” və “Qaraca qız” filmlərindəki uşağı seyr edirlər. İnternet əsrinin bütün əlçatmazlığı dəf edən qabiliyyəti qarşısında “Sehrli xalat” öz gücünü itirməyibmi? Bəs yeni dövrün qəhrəmanı kimdir? Məsələ macərəların kasadlığında, süjetlərin bəsitliyindədir.  Yazılan mətnlərdə, çəkilən cizgi filmlərində mətnə milli, ideya baxımından sağlam düşüncənin hopmasına diqqət edilməlidir. Yalnız bu halda, yad təsirlərdən qoruna, əndişələrimizi yenə bilərik.

Bunları realizə etmək o qədər də çətin deyil. Burada sadəcə, yaradıcı şəxslə bahəm dövlət marağının, sifarişinin tandemi olmalıdır.

Uşaqlar öz qəhrəmanları ilə böyüyürlər. Azərbaycanda da uşaqlar onları macəradan-macəraya aparan  öz parlaq qəhrəmanını gözləyir.

G.Hüseynova

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Ötən gün törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılıb –

Sonrakı məqalə

“Əhalinin xərclərini azaldacağıq!” –