Ölkələr Rusiyanın yanından niyə qaçır?

“Ölkələr Rusiyanın yanından niyə qaçırlar?” sualı aktualdır.
Xalqı ideyaya inandırmaq vacib məqamdır.
20-ci əsrin əvvəllərində Sovet Rusiyası sinfi bərabərlik, “yoxsulların istismarına son”, “fabriklər fəhlələrə!” şüarını deyərkən bütün Avropa və məzlum Şərq Moskvaya boylanırdı. Xalqlar bəşər tarixində heç bir vaxt təcrübədən keçməmiş bu ideologiyaya ümid etdilər və Rusiyanın yanında oldular.
Kommunizm ideyası vəhşi kapitalizmin ağlasığmaz istismar şərtləri altında yaşayan insanlar üçün səadət parıltısı idi.
Ona görə sovet Rusiyası dörd bir tərəfdən kapitalist həmləsinə tuş gəlsə də yıxılmadı. Onu dünyada dəstəkləyən xalqların sosial-demokratiya ideyasına olan inamı boğulmağa qoymadı.
SSRİ elan etdiyi ideyanı həyata keçirə bilmədi.
Stalinin manufaktura kapitalizmindən o qədər də fərqlənməyən yeni dövlət düsturu kor-koranə digər rəhbərlər tərəfindən tətbiq edildi.
Nəticə məlumdur.
1991-ci ildə 300 milyon əhalisi olan SSRİ-ni müdafiə etməyə vətəndaş tapılmadı.
Qərb isə SSRİ-nin sosializm ideyalarından dərhal ibrət aldı.
ABŞ prezidenti Rüzveltin “Yeni siyasəti”, Britaniya Leyboristlərinin, Avropa sosial demokrat hökumətlərinin əsas proqramı gəlirlərin ədalətli bölünməsi, işçilərin hüquqlarını tanımaq və möhtəşəm həmkarlar İttifaqı şəbəkəsinin qurulması oldu.
Bu platforma 1950-ci illərdən başlayaraq yeni Avropanı-insan rifahını düşünən, vətəndaş hüququnu qoruyan, oliqarxiyanın həris maraqlarını cilovlayan, sosial ədaləti yaradan Avropanı doğurdu.
Taleyin ironiyası idi: Dünyanı dəyişən, oliqarxları, transmilli kampaniyaları insan əməyinə hörmətə vadar edən SSRİ onun ideoloji postulatları Avropa xalqları üçün getdikcə əhəmiyyətini itirməyə başladı.
Sovet İttifaqı Çexoslavakiyaya hucumla Avropanı lap qorxutdu. Bu artıq sosial bərabərlik, müstəqil dövlətlər, azad vətəndaş və fəhlə haqları uğrunda vuruşan SSRİ deyildi.
Böyük islahatlar tələb olunan, kolxoz kimi təhkimçilik sistemində çabalayan, texnologiyanı sənayeyə tətbiq edə bilməyən, onun üçün naməlum Yaxın Şərqdə “neomüstəmləkəçilik” trendində itib-batan və iflasa doğru gedən sistem idi.
Nəticə məlumdur.
Bu gün “Rusiya ilə niyə dost olmaq istəmirlər? Nə üçün hamı Moskvanın yanında qaçır?” suallarını verənlər ideoloji platformanı unudurlar. Rusiyanın dünyaya verəcək alternativ ideoloji platforması yoxdur. Vaxtilə dünyanı, imperializmi fəhlələr üçün sosial ədalət prinsiplərini tətbiq etməyə məcbur edən Rusiya bu gün belə bir silahdan məhrumdur.
İnsan iradəsi seçim azadlığı üzərində bərqərar olub. Bu, Allahın ona verdiyi ən böyük bir lütfdür.
Xalqlar üçün Avropa cazibədardır. Sosial ədalət, seçim azadlığı və firavan cəmiyyətdir onları çəkən. İnsan təbiət etibarı ilə rahatlıq və sabitlik axtaran məxluqdur. O, yalnız əlində olduqlarını itirmək təhlkəsi yarananda qəzəbli döyüşçüyə dönür.
Rusiya, ABŞ, Avropa qarşıdurmasında transmilli korporasiyaların maraqları aydındır. Amma burada üstünlüyü qazandıracaq faktor həm də ideoloji bazadır.
Bu baza isə sosial ədaləti qura bilmiş xalqın iradəsi üzərində yüksəlir.
X.SƏFƏROĞLU 
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağ Ev Rusiya ilə bağlı yazılı təkliflərin nədən ibarət olacağını açıqladı

Sonrakı məqalə

Teymur Rəcəbov Rusiyanın xalq artistinin nəvəsi ilə evləndi –