“Onlar öz aləmlərində Azərbaycandan “qisasa” hazırlaşırlar” –Deputat Ceyhun Məmmədov

Ermənistan cəmiyyətində revanş hissləri qalmaqdadır. Erməni “Youtube” və “Telegram” kanallarında “Azərbaycanla sülhü istəyirsinizmi?” sualı ilə keçirilən bir neçə sorğuda ermənilərin yarıdan çoxu mənfi cavab verib. Bir çox erməni düşünür ki, Ermənistan ordusu yenidən gücləndirilməli, ölkə güc toplamalı və Azərbaycana qarşı müharibə edərək qələbə qazanmalıdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azpost.info-ya açıqlamasında sorğunun nəticələrindən təəccüblənmədiyini deyib.

Millət vəkili bildirib ki, Ermənistanda revanşizmə son qoyulmayıb: “Bəziləri düşünür ki, Azərbaycan Ermənistan ordusunun belini qırdı, böyük qələbə ilə erməni cəmiyyətinin revanş hisslərinə də son qoydu, xeyr, elə deyil. Hesab edirəm ki, Ermənistan daxilində revanşizm hissləri hələ bir müddət davam edəcək. Faktiki olaraq, Ermənistandakı ayrı-ayrı qurumlar tərəfindən, rəsmi və qeyri-rəsmi şəxslər tərəfindən müharibə çağırışlarını eşidirik. Ermənistanda olan müəyyən qrupların, xaricdə olan diaspor təşkilatlarının yanaşması daha radikaldır. Onlar öz aləmlərində Azərbaycandan “qisasa” hazırlaşırlar. Belə hesab edirlər ki, zamanla güclənəcəklər, geosiyasi vəziyyət dəyişəcək və bunlar da yenidən ölkəmizin ərazilərini işğal edəcəklər, qələbə qazanacaqlar. Ermənilər o qədər belə xəstə ideologiya ilə zəhərləniblər ki, onların qısa müddətdə bu xəstə təxəyyüldən xilas olmaları mümkün deyil”.

“Amma o da həqiqətdir ki, Ermənistanda böyük bir kəsim müharibədən bezib. Həmin kəsim Ermənistanın Azərbaycanla, Türkiyə ilə münasibətlərinin normallaşmasında maraqlıdırlar. Həmin qrupların proseslərə tam təsir gücü yoxdur. Onların təsir gücünün artmasına imkan verməyənlər isə daha çox xaricdəki erməni diapor təşkilatlarıdır. Qızışdırıcı təbliğatla, xəstə təxəyyülü erməni cəmiyyətinə yeritməkdə davam edirlər”, – deputat əlavə edib.

C.Məmmədov hesab edirəm ki, erməni cəmiyyəti revanşizmin onlara nə qədər ziyan vurduğunu, müharibənin onlar üçün nə qədər zərərli olduğunu anlamalıdır və bu hisslərini bir kənara qoymalıdırlar: “Yoxsa onlar üçün gələcək çox çətin olacaq”.

Anar ABDULLA

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.