OPEC+ ölkələri ümumi iclası iyunda keçirmək istəyir

11 May 2020 - 14:53

OPEC+ ölkələri iyun ayında videokonfrans şəklində ümumi toplantı keçirmək planlarını qoruyub saxlayırlar, ancaq görüşün dəqiq tarixi hələlik müzakirə olunur.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə alyansın nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.

OPEC+ aprel ayında keçirilmiş iclasdan sonra yeni razılaşmanın nəticələrini və bu barədə görülən işləri müzakirə etmək üçün növbəti planlaşdırılan iclasın videokonfrans formatında iyunun 10-da keçirilməsinə dair qərar qəbul edib. Ancaq mənbə bu tarixin hələ dəqiqləşmədiyini bildirib.

Videokonfransda müzakirə ediləcəyi ehtimal olunan məsələlər barədə danışan mənbə qeyd edib ki, çox güman, bazardakı vəziyyət, sazişin bazara təsiri müzakirə ediləcək.

Xatırladaq ki, OPEC+ ölkələri aprelin 12-də neft hasilatını may-iyun aylarında gündə 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel, 2022-ci il aprelin sonuna qədər isə 5,8 milyon barel azaltmaq barədə razılığa gəlib. İstinad bazası 2018-ci ilin oktyabr ayının hasilat səviyyəsi götürülüb, lakin Rusiya və Səudiyyə Ərəbistanı üçün gündəlik 11 milyon barel səviyyə baza kimi götürülüb. Bu səviyyə digərləri üçün keçərli olan analoji həcmlərdə – müvafiq olaraq 23%, 18% və 14% azalacaq. Meksika da ayrı şərtlərdə təkid edib: ölkə may-iyun aylarında hasilatı gündəlik 100 min barel azaldacaq, qalan 300 min barellik payı ABŞ “qapayacaq”.