Termorequlyasiyaya nəzarət beyində yerləşən hipotalamus tərəfindən həyata keçirilir. Normada bədən temperaturu 36 – 37⁰ olmalıdır. Ancaq gün ərzində hipotalamus dəridə olan reseptorlarla əlaqəyə girərək, soyuq, isti, stress və digər amillər termorequlyasiyaya təsir edir.
Bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova deyib.
O, hərarət homeostazın, yəni, orqan və sistemlərin daxili mühitinin sabitliyinin əsas göstəricilərindən biri olduğuna diqqət çəkib: “Bu, diaqnoz qoymaq üçün spesifik simptom deyil. Temperatur infeksion və qeyri-infeksion amillərin təsirindən yarana bilər. Onu patogen mikrofloraya qarşı orqanizmin cavab reaksiyası kimi də qiymətləndirmək olar. Mikrobların təsiri nəticəsində orqanizmin immun sistemi fəaliyyətə keçir və temperatur yüksəlir. Bu zaman həmin mikroblara qarşı xüsusi növ hüceyrələr yaranır. Qeyd etmək istərdim ki, ən çox rast gəlinən infeksion mənşəli qızdırmadır. Kəskin respirator virus infeksiyaları, pnevmoniya, bağırsaq infeksiyaları kimi əksər xəstəliklər qızdırma ilə başlayır. Bəzən temperatur reaksiyası ilə əsas xəstəliyin klinik əlamətlərinin meydana gəlməsi arasında bir neçə günlük fasilə keçə bilər. Məsələn, qızılcada 24 saat, pnevmoniyada 6-12 saat, məxmərəkdə 4-5 gün, su çiçəyində 1- 3 gün ara ilə əvvəl qızdırma, sonra digər spesifik əlamətlər yaranır”.
Mütəxəssis uşaqlarda hərarətin yüksəlməsi zamanı edilə biləcəklər barədə danışıb: “İlk olaraq uşağın ümumi vəziyyətini, yəni, aktivlik dərəcəsini, dəri örtüyünün rəngini və iştahasını dəyərləndirmək lazımdır. Əgər uşaqda baş, boğaz, qulaq və qarın nahiyələrində müşahidə olunan ağrıları, sutkada 5 dəfədən artıq davam edən qusma kimi hallar olarsa, subfebril (37.5⁰) qızdırmada belə pediatra müraciət etmək tövsiyə olunur. Digər tərəfdən isə, əgər 3 aydan kiçik uşaqda 38.0⁰ temperatur varsa və temperatur aşağı düşmürsə və dəri örtüyünün solğunlaşması kimi vəziyyətlər meydana gəlirsə, bu halda da həkim nəzarəti mütləq vacibdir. Məlumdur ki, iki cür temperatur reaksiyası var. Əgər istilikyaranma ilə istilikvermə arasında balans qorunursa, “çəhrayı” qızdırma yaranır. Bu zaman dəri örtüyünün isti, nəm, bir qədər hiperemik olması müşahidə olunur. Ümumi vəziyyəti kafi, ürək döyüntüsü və tənəffüsün sayı hərarətə mütənasib olur. Bu növ qızdırma insan həyatı üçün təhlükəli sayılmır. Əgər mərkəzi sinir sisteminin zədələnməsi ilə qızdırma müşahidə olunursa, periferik damarlarda daralma gedir və istilikyaranma və istilikvermə arasında balans pozulursa, “ağ qızdırma” yaranır. Bu zaman dəri avazımış, mərmərşəkilli, ağız ətrafı sianoz, ətrafların soyuq olması halı müşahidə olunur. “Ağ qızdırma” daha təhlükəlidir və dərhal nəzarətə alınmalıdır”.
Yenidoğulmuşlarda termorequlyasiyanın bir qədər fərqli olduğuna diqqət çəkən A.Adıgözəlova bildirib ki, 2-3 yaşa qədər təkcə termorequlyasiya deyil, bədənin bütün sistemlərində formalaşma yaranır: “Bu, keçid dövrü kimi xarakterizə olunur. Bu zaman əlverişsiz mühit asanlıqla temperatur reaksiyası yarada bilir. Bəzən infeksion proses bitdikdən sonra da qızdırma bir müddət davam edir. Yenidoğulmuşlarda, xüsusilə yarımçıq yeni doğulmuşlarda ilk 2-3 ay ərzində yüksək hərarət qeyd oluna bilər. Qeyri-düzgün qulluq zamanı bədənin həddən artıq isidilməsi, bədən çəkisinin və suyun itkisi nəticəsində də temperatur yüksəlir. Bu zaman uşağa bol maye verilməsi onun temperaturunu normallaşdıra bilər”.
Pediatr hərarəti salmağın vacib olduğu məqamlar barədə danışıb: “Termometrin göstəricisindən asılı olmayaraq, əgər uşaq özünü pis hiss edərsə, uşaqda qazanılan, ya da anadangəlmə hər hansı xroniki xəstəliyi olarsa, keçmişdə uşaqda qıcolma qeyd olunmuşdursa, hərarəti salmaq tövsiyə olunur. Əgər uşaq özünü yaxşı hiss edir və onda heç bir narahatlıq yoxdursa, iştahası normaldırsa və temperaturu 38.0⁰-dən yuxarı qalxmırsa, bu zaman qızdırmanı salmağa ehtiyac yoxdur. Temperatur 38.0⁰-dən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir. İmmunitet sistemi tərəfindən orqanizmdə bioloji aktiv maddələrin kütləvi istehsalı 38,5 və ya daha yüksək olduqda başlayır.
Uşaqlara dərman təyinatı hər çəkiyə və yaşa uyğun hesablanır. Bu zaman xəstəliyin gedişatı və əks göstərişləri də nəzərə alınır. Digər tərəfdən, temperatura təsir edən əsas səbəbi aradan qaldırmaq lazımdır. Günvurma, bədənin isinməsi hallarında bədəni normal temperatur mühitinə qaytarmaq, bədəni soyutmaq lazımdır. Xroniki iltihab ocaqları varsa, mütləq sanasiya olunmalıdır. Həmçinin stomatoloq, LOR və cərrahın konsultasiyası tövsiyə olunur”(azərtac).