“Orta Dəhlizin bel sütunu – Azərbaycan”– Mərkəz yeni layihəyə start verdi

İyunun 1-də Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Orta Dəlizin bel sütunu – Azərbaycan” layihəsinin icrasına başlayır.

Təşkilatdan verilən məlumata görə, layihənin əsas məqsədi Orta Dəhliz – beynəlxalq nəqliyyat-kommunikasiya layihəsində Azərbaycanın yeri, rolu və əhəmiyyətini, gördüyü işləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Qeyd olunur ki, bu məqsədlə ekspertlərin, elmi araşdırma mərkəzlərinin dəstəyi ilə ingilis dilində hesabat hazırlanması, həmin hesabatın nüfuzlu beyin mərkəzilərinə təqdim edilməsi nəzərdə tutulur. Hədəf Azərbaycanın bu strateji təşəbbüsdə əhəmiyyətinin hərtərəfli başa düşülməsinə kömək etməkdir.

Layihədən gözlənilən nəticələrə gəlincə, təşkilatdan bildirilir ki, beynəlxalq münasibətlər, nəqliyyat və geosiyasət sahələrində maraqlı tərəflər və ekspertlərin Azərbaycanın Orta Dəhliz layihəsindəki həlledici rolunu qəbul edərək və qiymətləndirərək davranış dəyişikliyi nümayiş etdirmələri gözlənilir.

“Layihənin əsas tərəfdaşı Türkiyə Güney Güvenlik Okulu, Çag Üniversiteti olacaq. Türkiyə Güney Güvenlik Okulu təhlükəsizlik və geosiyasət sahəsində ixtisaslaşmış təcrübəyə malikdir. Həmçinin, Azərbaycanın Orta Dəhliz çərçivəsində geosiyasi əhəmiyyəti ilə bağlı perspektivlərə töhfə verə biləcək müxtəlif ekspertlər qrupuna çıxışı asanlaşdırır. Universitetin beynəlxalq akademik şəbəkəsi layihənin qlobal miqyasda geniş spektrli ekspertlər, tədqiqatçılar və akademik qurumlarla əlaqə yaradılmasında töhfə verəcək”, – Mərkəzdən bildirilib.

Qeyd olunur ki, layihənin hədəf qrupları ABŞ, Avropa və Türkiyədə regionla bağlı araşdırmalar aparan elmi və beyin mərkəzlər, ixtisaslaşmış KİV-lər, ekspertlər və jurnalistlərdir. Onları Orta Dəhlizin reallaşmasında Azərbaycanın coğrafi, siyasi imkanları, yürütdüyü siyasətlə bağlı fundamental araşdırma materialları ilə təmin etmək nəzərdə tutulur.

İctimai Birlikdən verilən məlumata görə, layihənin benefisiarları əsasən Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri, ekspertlər, habelə ABŞ-da, Avropada, Türkiyədə fəaliyyət göstərən diplomatik korpuslar və diaspor təşkilatlarıdır.

Əvvəlki məqalə

Ekologiya Nazirliyinin adı qızıl yataqları ilə bağlı ABŞ-la imzalanmış Sazişdən çıxarılıb

Sonrakı məqalə

Gürcüstanın ana müxalifət partiyasının ofisinə hücum olub