“Ötən il 11 milyon manata yaxın vəsait dövlət büdcəsinə bərpa edilib”

- Hesablama Palatası
28 Aprel 2020 - 13:02

“Hesabat ilinin iş planı ilə həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, 10700,1 min manat dövlət vəsaitinin müvafiq qaydada bərpası, o cümlədən 9205,6 min manat (bundan əlavə 4,2 min ABŞ dolları) məbləğində vəsaitin dövlət büdcəsinin hesabına bərpası təmin edilib”.

APA-nın məlumatına görə, bu, bu gün Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tərəfindən təqdim edilən “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı”nda yer alıb.

V.Gülməmmədov deyib ki, ümumilikdə dövlət büdcəsinə hesabat ilində bərpa edilmiş cəmi vəsaitin 43,0%-i tikinti ilə bağlı xərclərin icrası prosesində yol verilmiş nöqsanlar üzrə olub.

Belə ki, bu istiqamətdə bərpa olunmuş cəmi vəsaitin 35,3%-i yerinə yetirilməyən işlərə görə, 20,5%-i iş həcminin artıq müəyyən edilməsi və 44,2%-i normativlərin düzgün tətbiq edilməməsi səbəbindən artıq ödənilmiş vəsaitləri əhatə edib.