Özbəkistan prezidenti Şeyxülislamla bağlı qərar verib –«Allahşükür Paşazadənin izi ilə» devizi ilə ziyarət təşkil olunacaq

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib.

QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə səfir bildirib ki, Özbəkistan Prezidentinin tapşırığı ilə özbək hökuməti xüsusi qərar qəbul edib ki, Özbəkistanın dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu – Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları – Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərin təşkili «Allahşükür Paşazadənin izi ilə» devizi altında həyata keçirilsin.

Səfir QMİ sədrinin Özbəkistanda böyük nüfuza malik olduğunu, hər zaman ehtiramla qarsılandığını vurğulayaraq adı çəkilən qərara əsasən nəzərdə tutulan, əsasən, Azərbaycandan, Qafqazdan təşrif buyuracaq zəvvarlar üçün ziyarət turunun tabloidini QMİ sədrinə təqdim edib.

Şeyxülislam A. Paşazadə Özbəkistana ziyarət turlarının Azərbaycanda maraqla qarşılanacağına əminliyini ifadə edib. QMİ sədri Özbəkistana ziyarət səfərlərilə bərabər yaxın gələcəkdə Azərbaycanın dini-mənəvi məkanlarına ziyarətlərin, o cümlədən, azad olunmuş Qarabağ torpaqlarına turların təşkil ediləcəyinə ümidvar olduğunu bildirib. O eyni zamanda qeyd edib ki, Qarabağın dini-mənəvi, mədəni irsinə qarşı törədilmiş vandalizm halları ilə, habelə dövlətimiz tərəfindən mənəvi irsin bərpa və yenidənqurulması sahəsində görülən işlərlə ziyarətçilərin yerində tanış olmaq imkanı olduqca əhəmiyyətlidir.

Şeyxülislam A. Paşazadə özbək səfirə bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə bildirib ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, İslam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından uğurlu və perspektivli olub. A. Paşazadə deyib ki, Vatikandakı görüşlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən, Özbəkistanla əlaqələrdə maraqlı olduqları və münasibətlərin qurulmasında QMİ-nin bu regiondakı nüfuzundan yararlanmaq istəkləri vurğulanıb.

Görüşdə Türk Dövlətləri Birliyi çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparıldı. QMİ sədri A. Paşazadə qeyd edib mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sorosçuların məqsədi məhz gənclərdir” –

Sonrakı məqalə

“Bu niyyətlə üzləşirik, buna müqavimət göstəririk” –