“Özbəkistan Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında əməkdaşlığa daha güclü təkan verəcək”- Zaur İBRAHİMLİ

Azərbaycan-Özbəkistan əlaqələri son illər yeni çağırışlara uyğun inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Bu barədə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.

O bildirib ki, ötən il Prezident İlham Əliyev Özbəkistana üç dəfə səfər edib. Azərbaycan Prezidentinin ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri xüsusilə əlamətdar olub. Səfər zamanı ikitərəfli əməkdaşlığın müasir qlobal çağırışlar və mürəkkəb geosiyasi vəziyyətdə yeni keyfiyyətdə inkişafı üçün zəminlər yaradılıb. Dünyada dəyişən şərait daha sıx siyasi əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha fəal, geniş inteqrasiya, təhlükəsizlik və müdafiə sahəsində səylərin əlaqələndirilməsini zəruri edir. Son onilliklərin təcrübəsi göstərir ki, regional kooperasiya, ittifaqlar, inteqrasiya modelləri ön plana çıxır. Bu baxımdan Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan və Orta Asiya regionunda dinamik inkişaf edən güclü mövqelərə malik Özbəkistan əməkdaşlığı türk dövlətlərinin inteqrasiyasının möhkəm özülünü yaradır.

“Daşkənd və Bakı Türk Dövlətləri Təşkilatının güclənməsini və aparıcı regional və güclü mövqeyə malik təşkilata çevrilməsində maraqlıdır. Xarici siyasətdə müstəqilliyin qorunması, regional inteqrasiya layihələri ilə qlobal təşəbbüslərin uzlaşdırılması, təhlükəsizlik və müdafiə sahəsində güclü potensialın yaradılması ilə Bakı və Daşkəndin mövqeləri üst-üstə düşür. Xüsusən Şərqlə Qərb arasında nəqliyyat əlaqəsini təmin edən Orta Dəhliz layihəsi ilə bağlı ölkələr ortaq mövqedən çıxış edirlər. Həmçinin sənaye inkişafı sahəsində Özbəkistanın potensialı və Azərbaycanın energetika sahəsində nailiyyətləri hər iki ölkə üçün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində böyük imkanlar açır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığa daha güclü təkan verəcək və Bakı ilə Daşkənd arasında əlaqələrin dərinləşməsinə əhəmiyyətli töhfə olacaq”, – deyə ekspert qeyd edib.

Əvvəlki məqalə

“Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu regionumuzun səmasında uçacaq” –

Sonrakı məqalə

Səsi qulağımızda, obrazları yaddaşda qalan sənətkar –