“Özümdən bir daha soruşacağam: “Mən doğru olanı edirəmmi?” –ABŞ səfiri məqalə yazdı

“Mən dağın zirvəsində olmuşam”. Bu, Martin Lüter Kinqin bir sui-qəsdçinin gülləsi onun möhtəşəm həyatına son qoymazdan bir gün əvvəl söylədiyi son nitqinin ən yaddaqalan sətirlərindəndir. Doktor Kinq məni ruhlandırmışdı və hər il yanvarın 15-də bu çıxışı dinləyəndə fikrim bu misrada qalır”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin AZƏRTAC-a təqdim etdiyi məqaləsində deyilir.

Səfir məqaləsində daha sonra bildirir: “Çox vaxt “dağ zirvəsi” sözü və onun açdığı mənzərə haqqında düşünürəm. Nə qədər gözəl nitq olsa da, o bir söz mənə həmişə qeyri-dəqiq gəlir. Onun bunu dediyini eşidəndə öz-özümə soruşuram: Doktor Kinq ölümündən 40 il sonra afroamerikalının ölkəmizə Prezident kimi rəhbərlik etmək üçün and içəcəyini heç təsəvvür edə bilərdimi? Dr. Kinq Amerika vətəndaş hüquqları hərəkatının əldə edəcəyi yüksəklikləri təsəvvür edə bilərdimi, axı onun dünyadan köçdüyü zaman afroamerikalılar hələ də ictimai avtobusların arxasında oturmağa məcbur idilər?

Gecələri həbsxana kameralarında keçirən və öz ölkəsində ikinci dərəcəli statusu qəbul etmədiyi üçün polis dəyənəklərindən saysız-hesabsız zərbələr alan o şəxs nə vaxtsa doğum gününün milli bayram kimi qeyd olunacağına inanardımı?

Eyni zamanda, dağın zirvəsinin bu gün də uzaq bir nöqtə olaraq qaldığını göstərən başqa, daha az şanslı perspektivlər də var. Əldə etdiyimiz bütün nailiyyətlərə baxmayaraq, bir ölkə olaraq olduğumuz yerdən – bütün insanların bərabər yaradıldığını elan edən bir ölkədən, həqiqətən də məmnun olacağımız məqama qədər qət etməli olduğumuz uzun bir yol var. Son bir neçə ildə baş verən hadisələr mən də daxil olmaqla, bir çoxumuza göstərdi ki, amerikalı olmaq bütün vətəndaşlarımız, xüsusən də afroamerikalı həmvətənlərimiz üçün eyni məna daşımır.

Lakin “Qaraların Həyatı Önəmlidir” hərəkatı ətrafında baş verən keşməkeşli hadisələr məndə həm də əminlik yaratdı: əgər biz bir millət olaraq dağın zirvəsinə çatmamışıqsa belə, şübhəsiz ki, ona doğru dırmaşırıq. Dr. Kinqin 1964-cü ildə dediyi kimi, “Doğru olanı etmək üçün həmişə doğru zamandır”. Müxtəlif irqlərdən və inanclardan olan milyonlarla amerikalının dinc şəkildə etirazlarını və xalqımızın öz qurucu ideallarına uyğun yaşamasını tələb etdiyini görmək mənə böyük ümid verməkdə davam edir. Doğru olan budur. Bütün insanlar hörmətə, bütün insanlar bərabərliyə layiqdirlər.

Dr. King bizə fərdin gücünü göstərdi. Dəyişiklik aclığı ilə güclənən o, tək bir insanın sözünün və nümunəsinin gücündən istifadə edərək, bütöv bir xalqın trayektoriyasını yenidən formalaşdırmaq üçün onilliklər boyu ədalətsizliyə qalib gələ biləcəyini nümayiş etdirdi.

Beləliklə, bu “Martin Lüter Kinq Günü”ndə mən bir daha oturub Dr. Kinqin son nitqini dinləməyə vaxt ayıracağam. Dəyişdirməyə çalışdığı insan və millət haqqında bir daha düşünəcəyəm. Özümdən bir daha soruşacağam: “Mən doğru olanı edirəmmi?”. Bilirəm ki, doğru vaxtdır, hərəkət etmək, inklüziv olmaq, başqalarına hörmət etmək, Dr. Kinqin çox gözəl təsvir etdiyi dağın zirvəsindən mənzərəni qurmaq üçün çalışmaq vaxtıdır. Əminəm və bir daha öz-özümə deyəcəyəm: biz hələ o dağ zirvəsinə çatmamışıq – və ola bilsin ki, mənim həyatım dövründə çata bilməyək də – amma bu zirvə mütləq şəkildə amalımızdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazir Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Sonrakı məqalə

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib