“Pandemiya kölgədə işləyən sahibkarlar üçün dərs olmalıdır” –

Dövlət başçısı
14 Aprel 2020 - 23:37

“Əmək müqavilələrinin sayı artır. Hesab edirəm ki, bu pandemiya dövrü hələ də kölgədə işləyənlər üçün bir dərs olmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında bildirib.

“Çünki mən dəfələrlə həm sahibkarlara, həm işçilərə müraciət etmişdim ki, kölgədən çıxın, əmək müqavilələri bağlayın. Əgər əmək müqavilələriniz olmasa, pensiya ala bilməyəcəksiniz, tibbi sığorta ala bilməyəcəksiniz. Əgər siz işsizsinizsə və qeydiyyata düşmürsünüzsə, işsizlik müavinəti ala bilməyəcəksiniz. Ona görə hesab edirəm ki, indiki şəraitdə əmək müqavilələrinin sayı qısa müddət ərzində 10 minlərlə artdı. İndiki şəraitdə bu sahəyə daha da böyük diqqət yetirməliyik”-deyə Prezident vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, həm maarifləndirmə istiqamətində, həm də əlbəttə ki, inzibati tədbirlər, monitorinq tədbirləri və institusional islahatlar nəticəsində biz qeyri-formal məşğulluğun əhatə dairəsini böyük dərəcədə daralda bilərik və bu istiqamətdə işlər davam etdirilməlidir: “Bu 70 min yeni əmək müqaviləsinin bağlanması göstərir ki, hələ də ehtiyatlar çoxdur və bu ağır vəziyyət bu gün kölgədə işləyənlər üçün də, necə deyərlər, bir yolgöstərici amil olmalıdır”.

İ.Əliyevin sözlərinə görə, 12 min insanın özünüməşğulluq proqramına cəlb edilməsi, çox müsbət nəticədir: “Nəzərə alsaq ki, biz təqribən 3, 4, 5 minlə başlamışıq. Amma giriş sözümdə dediyim kimi, – siz də bu barədə mənə məlumat vermisiniz, – təqribən on minlərlə tələbat var. Əlbəttə ki, bu tələbatın ödənilməsi asan məsələ deyil. Çünki hər bir məsələyə ayrı-ayrılıqda baxılır, bəzi hallarda bəzi insanların bu işlərə qabiliyyəti çatmır, bəzi insanlar vasitələri alıb sonra onları satırlar. Belə hallar da var və dünya praktikası var. Mənə verilən məlumata görə, dünya praktikasında özünüməşğulluq proqramının uğur əmsalı təqribən, 50 faiz ətrafındadır, Azərbaycana gəldikdə, bu, daha çoxdur. Ancaq bu proqrama cəlb olunan vətəndaşlar bilməlidirlər ki, əgər onlara verilmiş imkanlardan düzgün istifadə etməsələr, bu imkanı itirəcəklər və ikinci dəfə onlara bu şərait yaradılmayacaq. Ona görə xahiş edirəm, əgər kiməsə vasitə verilirsə onu satmasın, ondan səmərəli şəkildə istifadə etsin ki, özü üçün davamlı, dayanıqlı gəlir mənbəyi yaratsın. Bizim əsas məqsədimiz budur ki, insanlar özləri üçün müstəqil gəlir mənbələri yaratsınlar və ailələrini saxlaya bilsinlər. Ona görə 12 min insanın imkanlarını araşdırmaq böyük vaxt tələb edir və burada meyarlar çox dəqiq ölçülüb-biçilməlidir ki, ədalət prinsipi tam təmin edilsin”.