“Parlamenti buraxmaq qərarı “yuxarıdan” gəlməyib, YAP-ın təşəbbüsüdür” –Siyavuş Novruzov

“Milli Məclisin buraxılması barədə təşəbbüs  sırf partiya tərəfindən qalxdı. Bəzən deyirlər “yuxarıdan gəlib”, xeyir! Bu YAP Siyasi Şurasının təşəbbüsüdür”.

Azpost.info bildirir ki, bu sözləri musavat.com-a müsahibəsində  YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin istefaya göndərilməsi ilə bağlı  prosesi şərh edərkən deyib.

Sabiq deputat Milli Məclisin  normal işləməməsi barədə deyilənlərlə razılaşmayıb:  “Bəzi media orqanları parlamentin işləmədiyini yazır. Bu fikirlərlə razı deyilik. Parlament kifayət qədər qanunlar qəbul edib, digər parlamentlərlə geniş əlaqələri olub, il ərzində çoxsaylı qonaqlar qəbul edib, Azərbaycan həqiqətlərini dünya ölkələrinə çatdırıb, beynəlxalq təşkilatlarda ölkəmizin maraqlarını müdafiə edib. Biz bu fəaliyyətin effektivliyinin daha da artırılması ilə bağlı bu müraciəti etmişik. Yoxsa parlament böhranı və ya onun işləməməsi ilə bağlı deyil”.

YAP rəsmisi bildirib ki, bu, qanunun tələbidir ki, hansı hallarda parlament buraxıla bilər:  “98-ci maddənin 3-cü bəndində göstərilib ki, parlamentin işinin mümkünsüzlüyü halında parlament buraxıla bilər. Gərək elə izah edəsən ki, cəmiyyət başa düşsün. Mümkünsüzlük o vaxt ola bilər ki, məsələn, YAP-çı deputatlar parlamentə və seçicilərə hörmət əlaməti olaraq müraciət edir ki, cənab prezidentə müraciət olunsun, o, konstitusion səlahiyyətlərindən istifadə edib parlamenti buraxsın. Başqa halda mümkünsüz edən səbəb o ola bilər ki, hamı mandatını geri götürə bilər və parlamentin işi mümkünsüz olar. Biz də  buna istinad etmişik.

Deməli, 68 deputat öz mandatından imtina edir, avtomatik olaraq parlamentin işi dayanır. Bu da olur mümkünsüz. Parlamentin etdiyi müraciətdə bu məsələ nəzərdə tutulub. Orda göstərilməyib ki, parlament indiyə qədər işləməyib, parlament böhranı yaranıb və bunun nəticəsində də parlament buraxılmalıdır”.

S.Novruzovun sözlərinə görə, icra strukturunda çox ciddi dəyişikliklər gedir:  “Əslində bunun əsası 2018-ci ilin aprel ayında, prezident seçkilərindən sonra qoyulmuşdu, addım-addım yol gəlirdi. Bunu bir müsahibə ilə izah etmək çətindir. Biz seçicilərlə mindən artıq görüş keçirmişik. Bu görüşlər zamanı ayrı-ayrı strukturlarla yanaşı, parlamentin fəaliyyəti ilə əlaqədar da müəyyən təkliflər, rəylər səslənirdi. Seçicinin rəyi öyrənilirdi. Operativ şəkildə ali icra hakimiyyətinə daxil olan strukturların dəyişdirilməsi məsələsi gündəmə gəldi. Gördünüz ki, həm Nazirlər Kabinetində, həm ayrı-ayrı nazirlik və komitələrdə dəyişikliklər həyata keçirildi, rəhbərlər dəyişdi, struktur dəyişiklikləri reallaşdı, mövcud reallıqla ayaqlaşmayan strukturlar ləğv olundu. O cümlədən Administrasiyada yeni strukturlar formalaşıb, köhnələrin fəaliyyətinə xitam verilir, yeni kadrlar gətirilir. Biz sosializmdə yaşamışıq, amma indi müstəqil dövlətik. Mən çoxlu müşavirələrdə iştirak etmişəm. Bir qrup var idi, bir kəlmə deyəndə qayıdırdı ki, 1968-ci ildə biz bunu belə edirdik. 68 daha qurtarıb da, bitdi! İndi müstəqil siyasət yürüdülməsi üçün prezidentin tapşırıqları düzgün icra olunmalıdır. Bu gün biz müqayisələri Avropa, Amerika, Yaponiya, Cənubi Koreya ilə aparmalıyıq. Yoxsa sovetlər birliyində, ya Ukraynada belə idi, bizdə belədir, belə olmaz. Yəni cənab prezident irəlidə gedirdi, digər strukturlar isə ona çata bilmirdi. Ona görə də islahatlar mütləq lazım idi, zəruriydi”.

S.Novruzov bildiribki, seçkilərdə iştirak edəcək YAP üzvlərinin siyahısını müəyyən etmək üçün iş aparılıb: “Biz bu məsələ ilə əlaqədar deputatlarla bağlı ən azı son iki ilin statistikasını aparırıq. Bura nə daxildir? Seçicilərlə görüş, seçicinin etimadının doğrultması, davranış qaydaları, beynəlxalq təşkilatlarda iştirakı, Milli Məclisdə, mətbuatda, sosial şəbəkədəki çıxışları və s. Bu statistika iki aylıq, üç aylıq toplanılır, təhlil edilir, qiymətləndirilir, hamısı məndə var. Biz qaldırdığımız məsələ ilə bağlı bir çoxlarının həmin qrafada qabağı boşdur. Geniş analizdən, partiya sədri ilə müzakirədən sonra kimlərin təkrarən və hansı dairədən seçkiyə gedəcəyi ilə bağlı biz YAP İdarə Heyətinin qərarını verəcəyik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı aeroportunda elektron sərhəd-keçid məntəqəsi işə salınacaq

Sonrakı məqalə

Ağdam sakininin güllələnməsi faktı ilə bağlı cinayət işi başlanıb