Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində ölkənin yeni Konstitusiya layihəsi, Azərbaycanla sülh prosesi və Ermənistanın gələcək xarici siyasəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Azpost.info-nun məlumatına görə, Paşinyan bildirib ki, Ermənistanın Üçüncü Respublikası vətəndaşların təhlükəsizliyini, azadlığını, rifahını, hüquqlarını və milli kimliyini qorumaq məqsədilə deyil, münaqişə naminə yaradılıb. “Ermənistanın Üçüncü Respublikası vətəndaşların təhlükəsizliyini, azadlığını, rifahını təmin etmək, kimliyini qorumaq və inkişaf etdirmək, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək üçün deyil, münaqişə, münaqişə naminə yaradılıb. Bu, təkcə 1990-cı illərdə Ermənistan liderlərinin bəyanatlarından və məqalələrindən deyil, həm də 23 avqust 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin mətnindən aydın görünür. Məhz bu münaqişə məntiqi insanı və onun arzularını ikinci plana keçirdi, ölkəni qarşıdurma yoluna yönəltdi. Nəticədə bu yanaşma ölkəmizi miqrasiya ilə tükəndirən səbəblərdən birinə çevrildi”, – Paşinyan deyib.

“Müstəqillik Bəyannaməsinin məntiqindən imtina edirik”

Baş nazir yeni Konstitusiya layihəsinin 8-ci maddəsinə də diqqət çəkib. Onun sözlərinə görə, həmin maddədə Ermənistan Respublikasının xarici siyasətinin məqsədinin sülhün təmin edilməsi olduğu təsbit edilir. Paşinyan bunu tarixi əhəmiyyət daşıyan müddəa adlandırıb və açıq şəkildə bildirib ki, bu, 23 avqust 1990-cı il Müstəqillik Bəyannaməsinin məntiqindən, yəni münaqişə yanaşmasından imtina deməkdir. “Biz bunu dövlətçiliyimizin əbədiliyi ilə bağlı baxışa həyat vermək və Ermənistan Respublikasını forpost məntiqini aşmış ölkə kimi mövqeləndirmək üçün edirik. Məqsədimiz Ermənistan Respublikasını səngər qazılmış ölkə vəziyyətindən Sülh Kəsişməsinə çevirməkdir. Eyni zamanda, ölkəmizin elə bir ordusu olmalıdır ki, dövlət sərhədlərinin və beynəlxalq səviyyədə tanınmış ərazisinin toxunulmazlığını müstəqil şəkildə qoruya bilsin”, – o bildirib.

Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışdı

Ermənistanın baş naziri yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına və ratifikasiya ediləcəyinə əminliyini ifadə edib.

O, bu məsələdə bütün siyasi, şəxsi və mənəvi nüfuzunu ortaya qoyduğunu vurğulayıb. “Bütün siyasi, insani və mənəvi nüfuzumu bu məsələyə qoyuram və bildirirəm ki, yeni Konstitusiya qəbul edildikdən sonra biz Azərbaycanla yalnız sülh müqaviləsini imzalamaq və ratifikasiya etməklə kifayətlənməyəcəyik, həm də institusional, uzunmüddətli və dönməz sülhə malik olacağıq”, – Paşinyan deyib.

“Ermənistanın qarşısında həm sülh, həm də müstəqillik imkanı var”

Paşinyan çıxışında Qarabağ münaqişəsinin Ermənistanın dövlətçiliyinə təsirindən də danışıb.

Onun sözlərinə görə, Ermənistan tarixində indiyədək ya sülh, ya da dövlətçilik olub, lakin indi ölkənin hər ikisinə eyni vaxtda sahib olmaq imkanı yaranıb.

“Bu, xalqımızın tarixi üçün mahiyyət etibarilə yeni vəziyyətdir. Çünki bizim tariximizdə, adətən, ya sülh, ya da dövlət olub. Sovet İttifaqının dağılması ərəfəsində, Qarabağ münaqişəsi məhz bunun üçün yaradılmışdı: sülh arzuya çevrilsin, onu geri qaytarmaq arzusu isə bizi dövlətçilikdən və müstəqillikdən imtina etmək fikrinə gətirib çıxarsın. Açıq demək istəyirəm ki, Qarabağ məsələsi ilə bağlı bütün danışıqlar prosesi məhz bu məntiq üzərində qurulmuşdu. Bəli, bu münaqişə bizi dövlətçiliyimizi itirmək həddinə çatdırdı.

Amma bu gün qurbanlarımızın, sizin əzablarınızın və məhrumiyyətlərinizin bahasına elə bir mərhələyə gəlib çatmışıq ki, artıq həm sülhümüz, həm də dövlətimiz var. İndi həm sülhə, həm də müstəqilliyə sahib olmaq imkanımız yaranıb”, – Paşinyan vurğulayıb.

N.Talıblı