İraqın dövlət aviaşirkəti “Iraqi Airways” Tunisin cənub-qərbindəki hava limanında saxlanılan iki “Boeing 747” təyyarəsini satışa çıxarmaq niyyətindədir. Onlardan biri vaxtilə İraqın sabiq prezidenti Səddam Hüseynin istifadə etdiyi təyyarədir.

Azpost.info bildirir ki, aviaşirkətin rəsmi saytında yerləşdirilən elana əsasən, satışa çıxarılan təyyarələrin hər biri 900 min dollar qiymətləndirilir.

Təyyarələrin satışı ilə bağlı İraqın Tunisdəki səfirliyində xüsusi komitə yaradılıb. Komitə dekabrın 21-dən yanvarın 5-dək potensial alıcılardan müraciətləri qəbul edəcək.

“Iraqi Airways” bildirib ki, təyyarələr mövcud texniki vəziyyətində və heç bir texniki zəmanət verilmədən satılır. Onların daşınması, hüquqi qeydiyyatının dəyişdirilməsi, gömrük rüsumları və təmir xərcləri alıcının üzərinə düşəcək.

Satışa çıxarılan təyyarələrdən biri “Boeing 747SP” modelidir. YI-ALM qeydiyyat nömrəsi daşıyan bu təyyarə İraq hökumətinə məxsus olub və Səddam Hüseynin bir neçə uçuşu üçün istifadə edilib.

Digər təyyarə isə 330 sərnişin tutumuna malik “Boeing 747-200” modelidir. Hər iki təyyarə 1982-ci ildə istehsal olunaraq İraqa təhvil verilib.

Təyyarələr niyə Tunisə aparılıb?

1991-ci ilin yanvarında, ABŞ və müttəfiqlərinin “Səhra fırtınası” əməliyyatına başlamasından bir neçə həftə əvvəl İraq hakimiyyəti bir sıra sərnişin təyyarələrini mümkün hava hücumlarından qorumaq məqsədilə ölkədən çıxararaq Yaxın Şərqin digər dövlətlərinə göndərmək qərarına gəlib.

“Al Arabiya” telekanalının məlumatına görə, sözügedən “Boeing 747SP” və “Boeing 747-200” təyyarələri Tunisdəki Taüzər-Nefta Beynəlxalq Hava Limanına aparılıb və o vaxtdan orada saxlanılır.

Telekanalın bildirdiyinə görə, İraqın daha altı təyyarəsi İordaniyada olub və sonradan metal qırıntısı kimi satılıb. Beş təyyarə İranda, ən azı daha ikisi isə Tunisdə qalır.

İraq hakimiyyəti “Iraqi Airways”in təyyarələrin satışı ilə bağlı elanını hələlik rəsmi şərh etməyib.

Nadir