Ukrayna prezidenti Volodimir Zelenski Liviyanın sahillərində Rusiya gəmilərinə və hərbi texnikasına zərbələr endirildiyini təsdiqləyib.
Azpost.info -nun məlumatına görə, Zelenski əməliyyatı “nümunəvi əməliyyat” adlandıraraq bildirib ki, Ukraynaya məxsus yeddi dəniz dronu Liviyanın sahillərində Rusiyanın “Merkuri” korvetini batırıb. Onun sözlərinə görə, hücum zamanı həmçinin Ka-27 helikopteri məhv edilib, “Anqara” quru yük gəmisi isə zədələnib. Zelenski bu gəminin silah daşınması üçün istifadə edildiyini iddia edib.
Məlumata görə, “Merkuri” korveti noyabrın 22-də Liviyanın Benqazi limanında hücuma məruz qalıb.
Bundan qısa müddət sonra Liviyanın sahillərində Malta bayrağı altında üzən ticarət gəmisi də hədəfə alınıb. Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, hücuma məruz qalan gəmi Rusiyaya məxsus “ASCALON” adlı ro-ro tipli yük gəmisidir. Məlumatda bildirilir ki, gəmi ABŞ-ın sanksiyaları altındadır və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən hərbi yük daşıyıcıları kateqoriyasına daxil edilib.
Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlar əsasən Ukrayna tərəfinin açıqlamalarına və monitorinq kanalının məlumatlarına əsaslanır. Gəmilərin məhv edilməsi və zədələnməsinin detalları müstəqil mənbələr tərəfindən hələ təsdiqlənməyib.
N.Talıblı