Azərbaycanda orta aylıq əməkhaqqı 1172,7 manata çatıb. Rəsmi statistikaya görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. Maaşların artması əhalinin gündəlik həyatında eyni dərəcədə hiss olunurmu? Xüsusilə Bakıda kirayədə yaşayan, bir və ya iki uşağı olan ailələr üçün 1000-1200 manat gəlirlə dolanmaq nə dərəcədə mümkündür?

Azpost.info ailənin əsas aylıq xərclərini hesablayıb. Nəticə göstərir ki, 1000 manat maaşla bir nəfərin qənaət edərək yaşaması müəyyən şərtlərlə mümkün olsa da, bu gəlirlə kirayədə yaşayan üç nəfərlik ailəni təmin etmək olduqca çətindir.

Orta əməkhaqqı 1172 manatdır, amma hamı bu qədər qazanmır

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 7,8 faizdir. Lakin sektorlar üzrə göstəricilər arasında ciddi fərq var. Neft-qaz sektorunda orta əməkhaqqı 4445,3 manat olduğu halda, qeyri-neft-qaz sektorunda bu rəqəm 1113,9 manat təşkil edib. Bu fərq orta göstəricinin necə formalaşdığını göstərir. Yüksək maaş alan nisbətən kiçik işçi qrupları ümumi orta göstəricini yuxarı çəkə bilər. Buna görə də 1172 manat rəqəmi ölkədə çalışan hər kəsin bu məbləğdə maaş aldığını ifadə etmir.

Digər tərəfdən, orta əməkhaqqı nominal göstəricidir. İşçinin əlinə keçən xalis məbləğ vergi və digər məcburi tutulmalardan sonra fərqlənə bilər.

Bakıda kirayə ailə büdcəsinin ən böyük hissəsini aparır

Ailənin aylıq xərclərində ən böyük paylardan biri mənzil kirayəsinə düşür.

Noyabr 2026-cı il üzrə mənzil elanlarının təhlilinə əsasən, Bakıda kirayə mənzillərin median qiyməti təxminən 750 manatdır. Köhnə tikililərdə bu göstərici 600 manat, yeni tikililərdə isə 850 manat ətrafındadır. Rayonlar üzrə fərq daha böyükdür. Məsələn, Binəqədi və Nizami rayonlarında kirayə qiymətləri təxminən 650 manat, Yasamalda 700 manat, Nəsimi və Səbail rayonlarında isə 1000 manatdan yuxarıdır.

Deməli, 1000 manat maaş alan şəxs orta qiymətə kirayə mənzil götürərsə, qazancının 75 faizini yalnız mənzilə ödəməli olacaq. Bu halda ərzaq, nəqliyyat, kommunal xidmətlər və digər gündəlik ehtiyaclar üçün cəmi 250 manat qalır.

Üç nəfərlik ailənin aylıq ərzaq xərci nə qədərdir?

Ailənin əsas xərclərindən biri ərzaqdır. Üç nəfərlik ailənin bütün ay ərzində evdə yemək hazırladığı, restoran və bahalı alış-verişdən imtina etdiyi qənaətcil ssenaridə belə ərzağa təxminən 550-650 manat ayırmaq lazım gəlir.

Bu məbləğə əsasən aşağıdakılar daxildir:

-Çörək, un, düyü, makaron və digər gündəlik məhsullar;

-Ət, toyuq, yumurta və süd məhsulları;

-Meyvə və tərəvəz;

-Yağ, şəkər, çay və digər ərzaqlar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarının qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artıb. Bu isə ailələrin büdcəsində ərzaq xərclərinin getdikcə daha böyük yer tutmasına səbəb olur.

Kommunal xidmətlər və digər xərclər

Üç nəfərlik ailənin kommunal xərcləri mənzilin sahəsindən, mövsümdən və istehlak həcmindən asılıdır.

Elektrik enerjisi üzrə əhali üçün aylıq istehlakın ilk 200 kilovat-saatına 8,4 qəpik, 200-300 kilovat-saat arasındakı hissəyə 10 qəpik, 300 kilovat-saatdan yuxarı hissəyə isə 15 qəpik tarif tətbiq edilir. Təbii qazın illik istehlakın ilk 1200 kubmetrinədək olan hissəsi üçün tarif 12,5 qəpikdir. Daha yüksək istehlakda tarif artır. Su, elektrik, qaz və digər mənzil xidmətlərini birlikdə nəzərə aldıqda, üç nəfərlik ailə üçün ayda təxminən 80-120 manatlıq kommunal büdcə nəzərdə tutmaq olar.

Bundan başqa, ailənin nəqliyyat, mobil rabitə, internet, gigiyena, dərman və geyim xərcləri də var.

Üç nəfərlik ailənin real aylıq büdcəsi

İndi isə Bakıda kirayədə yaşayan, iki böyük və bir uşaqdan ibarət ailənin qənaətcil aylıq büdcəsini hesablayaq.

Xərc istiqaməti Aylıq məbləğ
Mənzil kirayəsi 750 manat
Ərzaq 600 manat
Kommunal xidmətlər 100 manat
Nəqliyyat 120 manat
Mobil rabitə və internet 45 manat
Gigiyena, dərman və geyim 150 manat
Uşağın məktəb və digər ehtiyacları 100 manat
Cəmi 1865 manat

Bu hesablamaya restoran, istirahət, kredit ödənişləri, avtomobil saxlamaq, gözlənilməz tibbi xərclər və yığım daxil edilməyib.

Beləliklə, Bakıda kirayədə yaşayan üç nəfərlik ailənin qənaətcil həyat tərzi ilə aylıq xərcləri təxminən 1865 manat təşkil edə bilər. Bu məbləğ rəsmi yaşayış minimumu deyil, bazar qiymətləri əsasında hazırlanmış nümunəvi ailə büdcəsidir.

1000 manat maaş alan ailənin büdcəsində nə qədər çatışmır?

Hesablamaya görə, ailənin aylıq xərci 1865 manatdırsa, 1000 manat gəlirlə 865 manat kəsir yaranır. Hətta ailənin öz mənzili olsa və kirayə xərci aradan qalxsa belə, digər xərclər təxminən 1115 manat təşkil edəcək. Yəni mənzili olan ailə üçün də 1000 manatla üç nəfərin bütün əsas ehtiyaclarını qarşılamaq çətin görünür. Əgər ailədə iki nəfər işləyirsə və hər ikisi 1000 manat maaş alırsa, ümumi gəlir 2000 manata çatır. Bu halda 1865 manatlıq büdcəni qarşılamaq mümkündür. Lakin gözlənilməz xərclər və yığım üçün cəmi 135 manat qalır.

Bəs tək yaşayan insan 1000 manatla dolana bilərmi?

Tək yaşayan və daha ucuz mənzil kirayələyən şəxsin vəziyyəti nisbətən fərqlidir. Məsələn, 500 manatlıq kiçik mənzil, 250-300 manat ərzaq, 50-70 manat kommunal xidmətlər, 50-70 manat nəqliyyat və digər xərclər nəzərə alınarsa, aylıq büdcə 900-1000 manata yaxınlaşır. Bu halda 1000 manatla yaşamaq mümkündür, amma ciddi qənaət tələb edir. İstirahət, yığım, müalicə və gözlənilməz xərclər üçün imkan çox məhdud qalır.

Orta maaşla yaşamaq mümkündürmü?

Rəsmi orta əməkhaqqının 1172,7 manat olması Azərbaycanda ailələrin rahat dolanması üçün kifayət qədər yüksək gəlir səviyyəsinin formalaşdığını göstərmir. Əlbəttə, ailənin öz mənzilinin olması, iki nəfərin işləməsi, uşaqların sayı və yaşadığı şəhər aylıq büdcəni ciddi şəkildə dəyişir. Lakin hesablamalar göstərir ki, Bakıda kirayədə yaşayan və yalnız bir nəfərin əməkhaqqı ilə dolanan üç nəfərlik ailə üçün 1000-1200 manat gəlir kifayət etmir.

Əsas problem yalnız maaşın az olması deyil. Əməkhaqqı ilə mənzil, ərzaq və digər gündəlik xərclər arasındakı nisbət də ailələrin maliyyə imkanlarını məhdudlaşdırır. Nəticədə bir çox ailə üçün maaş ayın sonuna qədər çatdırılmalı olan vəsaitə çevrilir. Yığım etmək, istirahətə pul ayırmaq və gözlənilməz xərclərə hazır olmaq isə çətinləşir.

Samir Abdulla