İran Prezidenti Məsud Pezeşkian ölkəsinin hazırda “tammiqyaslı iqtisadi müharibə və təhlükəsizlik müharibəsi” şəraitində olduğunu bildirib. Onun sözlərinə görə, bütün təzyiqlərə və böhranlara baxmayaraq, İran öz gücünü və milli birliyini qoruyub saxlayır.
Pezeşkian bu barədə bazar günü İslam Respublikasının banisinin ideallarına sədaqət andının yenilənməsi mərasimində çıxış edərkən danışıb.
İran prezidenti mərasimdə həlak olanları, ölkənin keçmiş ali dini liderini, hərbçiləri, komandirləri, alimləri, tələbələri və mülki şəxsləri yad edib.
Onun sözlərinə görə, İran hökuməti eyni vaxtda müharibə, sanksiyalar, müxtəlif təzyiqlər və davam edən sui-qəsdlərlə yanaşı, su, elektrik, qaz, yanacaq, ekologiya və bank sistemindəki ciddi problemlərlə də mübarizə aparır.
Pezeşkian bildirib ki, ölkənin düşmənləri təzyiqlər nəticəsində İranın çökəcəyini düşünürdülər: “Düşmənlər hesab edirdilər ki, onların təzyiqi və addımları nəticəsində İran çökəcək. Lakin nəinki bu baş vermədi, İran xalqının gücü və birliyi bütün dünyanı heyrətləndirdi”.
Prezident iranlıların müqavimət göstərdiyini vurğulayıb və analitiklərin ölkənin bu qədər güclü təzyiqə necə tab gətirdiyini izah etməkdə çətinlik çəkdiyini bildirib.
“Bizim əziz xalqımız həqiqətən möcüzə yaratdı”, – Pezeşkian deyib.
İran prezidenti hökumətin mövcud problemlərin aradan qaldırılması üçün əlindən gələn hər şeyi etdiyini də bildirib.
O, ölkədə problemlərin hələ də davam etməsindən narahatlığını ifadə edib: “Əlbəttə, problemlər davam etdiyi üçün xalq qarşısında xəcalət çəkirik. Lakin bədənimizdə nəfəs olduğu müddətdə əziz xalqımıza xidmət edəcək, onların həyatını və rifahını yaxşılaşdırmaq üçün çalışacaq və bu böhranları güclə dəf edəcəyik”.
Pezeşkian çıxışının sonunda Quran ayələrindən sitat gətirərək baş verənləri anlamadan onları inkar edən insanların tarixdəki taleyinə diqqət çəkib.