Yarış həftəsonu əla keçdi, lakin həm pilot, həm mexaniklər, həm də mühəndislərin üzərində çox böyük təzyiq var idi. Hamıya məlumdur ki, Bakı şəhər halqası çox diqqət tələb edən bir trekdir.
Bunu Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan “Red Bull Racing”in pilotu Serxio Peres yarışın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Meksikalı pilot komanda yoldaşı, yarışda ikinci yerin sahibi Maks Ferstappen haqqında danışarkən deyib: “İkimiz də çempionluq uğrunda mübarizə aparsaq da, hər zaman bir-birimizə dəstək olmağa çalışırıq. Deyə bilərəm ki, bu yarışda da Maksı geridə saxlamaq çətin idi. Amma buna baxmayaraq, sonda qalib olduğuma sevinirəm”.
Bakı şəhər halqasında ikinci yerin sahibi Maks Ferstappen 81-ci podiumunu Azərbaycan Qran-Prisində qeyd etdiyini vurğulayıb. O, yarışın gedişi haqqında ümumi fikirlərini səsləndirib: “Düşünürəm ki, həftəsonu çox xaotik keçdi. Təkərlərə nəzarəti maksimallaşdırmağa çalışırdım və yalnız son 10 dövrədə bolidin performansı daha güclü olmağa başladı. Serxio Peres ilə aramızdakı xal fərqinin azalması məni narahat etmir. Əvvəllər də bu vəziyyət ilə qarşılaşmışam. Məncə, başqasının qələbəsinə sevinməyi bacarmaq çox vacibdir.”
Azərbaycan Qran-Prisini üçüncü pillədə başa vuran Ş.Lekler deyib. “Red Bull iRacing” ilə aramızdakı yüksək rəqabəti və xal fərqini görə bilirəm. Amma komanda olaraq biz bu yarışda bundan daha artığına layiq idik. Bu həftəsonu qazandığımız 6 xal komanda olaraq bizim əməyimizi əks etdirmir”
Qeyd edək ki, Ferrari pilotu həm Bakıda ilk dəfə tətbiq olunan Sprint yarışında, həm də əsas yarışın sıralanma turunda poul pozisiyası qazanıb.