Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.
Azpost.info Secki-2024.az saytına istinadən xəbər verir ki, maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.
İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olan dövrü əhatə edib.
Namizədlər aşağıdakı gəlir və xərcləri təqdim ediblər:
Prezident İlham Əliyevin namizədliyini irəli sürmüş YAP-ın seçki fondunun gəlir və xərcləri belədir:
Gəlirlərin cəmi 720 min 200 manat olub. Seçki Fonduna fiziki şəxslər 170 min 200 manat, hüquqi şəxslər isə 300 min manat könüllü ianə köçürüb. Partiyanın öz vəsaiti isə 250 min manat olub.
YAP seçki təşviqatına 481 min 776 manat xərc ayırıb.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki Fondunun gəlirləri 30 min manat olub.
Burada namizədin xüsusi vəsaiti 10 min manat, fiziki şəxslərin könüllü ianəsi isə 20 min manatdır.
Q.Həsənquliyevin seçki qərargahı seçki təşviqatına 30 min manat xərc ayırıb. Bunun 15 min manatı seçici imzalarının yığılmasına, 15 min manat isə seçkiqabağı təşviqat üçün nəzərdə tutulub.
Prezidentliyə namizəd Zahid Oruc isə seçki Fonduna şəxsi vəsaitindən 43 min manat qoyub. Burada imza yığılması 8 min manat, təşviqat xərcləri isə 35 min manatdır.
Prezidentliyə namizədn Razi Nurullayevin seçki fondu isə 3 min manatdır. Bu da fiziki şəxslərin könüllü ianələridən toplanıb.
Bu məbləğin də 2999 manatı seçki təşviqatına ayrılıb.
Prezidentliyə namizəd Fazil Mustafanın seçki fondunda gərilər 61 min 400 manat göstərilib. Burada namizədin xüsusi vəsaiti 11 min manat, fiziki şəxslərin könüllü ianəsi 400 manatdır.
Sədri olduğu Böyük Quruluş Partiyası isə seçki fonduna 50 min manat qoyub.
F.Mustafanın xərcləri isə 59 min 800 manat olub.
Seçici imzalarırnın toplanmasına min manat, seçkiqabağı təşviqata isə 38 min 200 manat xərclənib.
13 min 600 manat isə digər işlərin dəyirinin ödənilməsi üçün ayrılıb.
Prezidentliyə namizəd Elşad Musayevin seçki fondunun gəlirləri 5 min manatdır. Bu məbləğ də ianə edilib. Bu pulun 4428 manatı seçkiqabaı təşviqata yönəldilib.
Prezidentliyə namizəd Fuad Əliyev isə kampaniyada ən “kasıb namizəddir”. Onun seçki fondunun gəlirləri və xərcləri 2500 manat göstərilib.
Azpost.info