2019-cu ilin avqustunda Almaniyada çeçen səhra komandiri Zelimxan Xanqoşvilini Berlin parkında qətlə yetirən və Almaniyada ömürlük həbsə məhkum edilən FTX zabiti Vadim Krasikov ABŞ və Rusiya arasında məhbus mübadiləsində ən diqqətçəkən fiqurlardan oldu.
Azpost.info xəbər verir ki, “Vnukovo-2” hava limanında onu şəxsən Rusiya prezidenti Vladimir Putin qarşılayıb.
“Faridaily” Telegram kanalı yazır ki, Putin onu qucaqlayaraq “Əla!” deyib.
Putin and və vəzifələrinə sədaqətə görə Krasikov da daxil olmaqla mübadilə edilən məhbuslara təşəkkürünü bildirib və onların dövlət mükafatları ilə təltif ediləcəyini deyib.
Qeyd edək ki, Almaniyada Krasikov Vadim Sokolov adı ilə hərəkət edərək Fransa və Polşa vasitəsilə Berlinə çatıb. Velosipedə minərək Z.Xanqoşvilini üç güllə ilə öldürüb. Bundan sonra Krasikov parik, velosiped və tapançanı çaya atsa da, iki yeniyetmə onu görüb və bu barədə polisə məlumat verib.
Rusiyada müxalifyönlü mətbuat Vadim Krasikovu “Kremlin killeri” kimi də təqdim edir. Ölümündən bir müddət əvvəl rusiyalı müxalifətçi Aleksey Navalnının məhz onunla dəyişidirəlcəyi barədə məlumatlar yayılmışdı.
Bu arada, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan “New York Times”a bildirib ki, Krasikov ABŞ və Rusiya arasında məhbus mübadiləsində əsas fiqur olub və o, olmasaydı, heç bir sövdələşmə olmazdı.
Azpost.info