“Putin SSRİ-nin deyil, Rusiyanın əzəmətini qaytarmaq istəyir” –ABŞ Dövlət katibinin sabiq köməkçisi

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi olmuş səfir Metyu Brayza “Voice of America”ya (VOA) müsahibəsində ABŞ-ın Ukrayna böhranının həllində diplomatik səylərini şərh edib.

-ABŞ prezidenti Co Bayden prezident Putinin Ukraynaya müdaxilə edəcəyi təqdirdə onun özünə qarşı sanksiyalar da daxil olmaqla, “ağır” və “ciddi” nəticələrin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Birləşmiş Ştatların çəkindirmə səylərində əsas diqqət nəyə yönəlib?

-Əsas diqqət Rusiya tərəfindən Ukrayna daxilində hər hansı əlavə aqressiyasının qarşısını almaqdır. Demək istəyirəm ki, bildiyiniz kimi, Rusiya artıq Ukraynaya müdaxilə edib və bunu təkcə Krımı ilhaq etməklə deyil, Donbasda da müdaxilə yolu ilə edir. Baxmayaraq ki, Rusiya geyimində olmadığı üçün Rusiya qoşunları əslində orada qeyri-qanuni əməliyyatçılardır, amma onlar oradadır. Beləliklə, məncə, Prezident Baydenin etmək istədiyi, əlbəttə ki, Rusiyanın gələcək təcavüzünün qarşısını almaqdır, amma hansı məqsədlə? Məqsəd Ukraynada siyasi sabitliyin pozulmasının qarşısını almaqdır. Bu, sadəcə prezident Baydenin Ukraynanı bəyəndiyinə görə deyil. Məsələ bundadır ki, Ukraynada sabitlik pozulsa, birincisi, bu o deməkdir ki, Ukraynanın NATO-ya üzv olub-olmamaq məsələsində müstəqil şəkildə iradəsini nümayiş etdirmək şansı ya heç vaxt olmayacaq və ya olmaya da bilər. İkincisi, sabitliyi pozulmuş Ukrayna Rusiyanın Ukrayna daxilində nə edə biləcəyi və Ukraynanın NATO-nun şərq cinahında, məsələn, Baltikyanı ölkələr və Polşada qeyri-sabitlik platformasına çevrilə bilməsi baxımından təhlükəlidir. Üçüncüsü isə əgər Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri Rusiyanın Ukraynaya növbəti təcavüzünün qarşısını ala bilməsə, bu, son dərəcə təhlükəli bir presedent yaradacaq, çünki prezident Putin NATO-nun şərqində, məsələn, Baltikyanı ölkələr və Polşada, Çin isə Tayvana münasibətdə daha çox şey edə bilər. Bundan çox şey asılıdır.

Prezident Baydenə xarici siyasət məsələləri üzrə yüksək səviyyəli təcrübəli ekspert, Senatın Xarici Əlaqələr Komitəsinə sədrlik etdiyi dövrlərdə onun operativ əməkdaşı kimi və mənim Moskvada çalışdığım zaman birbaşa onunla işləyərək tanıdığım bir insan kimi etibarın olduğunu qeyd etməmək mümkün deyil. O, Rusiya və Rusiya rəhbərliyinin necə düşündüyünü başa düşür, regionun geosiyasətini başa düşür və NATO və NATO həmrəyliyinin beynəlxalq təhlükəsizliyimiz və müttəfiqlərimizin təhlükəsizliyində mərkəzi rolunu tanıyır. Baydenin çalışdığı daha bir məsələ Prezident Putinin NATO alyansının həmrəyliyi və birliyini zəiflətməsinə mane olmaqdan ibarətdir.

-Amerika Birləşmiş Ştatları Rusiya liderini müdaxilə planlarından çəkindirmək üçün hansı tədbirləri görməlidir? Rusiya liderinin müdaxilə planlarını saxlamaq üçün hansısa kiçik şans varmı?

-Belə bir hiss var ki, gəlirə bəraət qazandırmaq üçün xərclər çox yüksəkdir. Bu o deməkdir ki, məncə, NATO-Ukrayna alyansı prezident Putinə onun aqressiyasının bütün yollarını göstərməlidir. Düşünürəm ki, bu, Prezident Baydenin keçən həftə “kiçik miqyaslı müdaxilə” ilə bağlı çaşaraq verdiyi açıqlamada deməyə çalışdığı şeydir. Beləliklə, alyans Putin Ukraynaya qarşı aqressiyanın bütün bu yollarını nəzərdən keçirdiyi vaxt göstərməlidir ki, bu fəaliyyətlər kompleksinin hər biri üçün xərclər potensial faydadan daha yüksəkdir. Əgər Rusiya bundan əvvəl etdiyi kimi Ukraynaya qarşı kiber hücum etsə, NATO, ABŞ və NATO müttəfiqləri tərəfindən mütənasib cavab verilməlidir ki, bu da Rusiyaya qarşı kiber hücum deməkdir. Əgər Rusiya açıq şəkildə istədiyi kimi genişmiqyaslı müdaxilə haqda qərar versə, Ukrayna və NATO prezident Putinə bunun bədəlinin çox yüksək olacağını göstərməlidir. Düşünürəm ki, bunu etməyə hazır olan 2014-cü ildən silahlı qüvvələrinin xeyli gücləndiyi və bütün əhalisinin Rusiya qoşunlarına qarşı döyüşməyə hazır olduğu Ukraynadır. Allah göstərməsin, əgər bu baş versə, çox sayda rus əsgəri və ukraynalı, amma daha çox rus əsgəri cəsəd torbalarında Rusiyaya qayıda bilər və bu, Putin üçün siyasi məsuliyyətə çevrilə bilər. Bu, istənilən formada kinetik aqressiyaya əlavə olaraq ödəniləcək çox yüksək qiymətdir.

Bu, Putin üçün ağrılı olardı, təkcə ona görə yox ki, o, pullarına çıxış imkanından məhrum olacaq, həm də ona görə ki, Navalnının Qara dənizdəki saray, Putinin rus xalqından oğurladığı pullarla bağlı ittihamlarının hamısının həqiqət olduğu rus xalqına aydın olardı.

Beləliklə də tammiqyaslı və ya daha az genişmiqyaslı müdaxilə Putinin istəmədiyi şeylərə gətirib çıxaracaq: NATO-nun birliyinin güclənməsi, Ukraynanın NATO-ya üzvlüyünə daha güclü dəstək, Rusiya ilə NATO-nun şərqindəki ölkələrlə sərhəddə, Baltikyanı ölkələr və Polşada daha çox NATO əsgəri və Ukrayna ərazisində daha çox NATO silahları. Yəni Putin bunları istəmir. Düşünürəm ki, o, NATO-nun bu qədər irəli gedəcəyinə tam inanmır. Buna görə də prezident Bayden və NATO açıq şəkildə bildirməlidirlər ki, `bəli, əgər siz Ukraynaya müdaxilə etsəniz, biz də o qədər irəli gedəcəyik`. Mənim fikrimcə bunlar baş verə bilər: prezident Putin açıq müdaxilə, artıq Rusiya qüvvələri tərəfindən işğal edilmiş Donbasa ikinci müdaxilə başlayacaq, bu, açıq müdaxilə olacaq və Donbas ilhaq edilməyəcək, növbədə Luqansk və Donetsk olacaq. İndi Donetsk onların əlindədir, onlar Minsk razılaşmalarında nəzərdə tutulmuş muxtariyyətə malikdir, Ukraynanın gələcəyi ilə bağlı səs verə bilərlər və heç vaxt Ukraynanın NATO-ya daxil olmasına səs verməyəcəklər. Mən hesab edirəm ki, ki, bu, onun qısamüddətli hərbi məqsədidir. NATO hazırda bunun qarşısını almaq üçün əlavə hərbi yerləşdirmələr haqqında artıq dediklərimdən başqa şeyləri nəzərdən keçirməyə çalışır. Fikrimcə, indi ABŞ prezidenti diqqəti Putinin özünə qarşı mümkün şəxsi iqtisadi sanksiyalara yönəldir. Bu, Putin üçün ağrılı olardı, təkcə ona görə yox ki, o, pullarına çıxış imkanından məhrum olacaq, həm də ona görə ki, Navalnının Qara dənizdəki saray, Putinin rus xalqından oğurladığı pullarla bağlı ittihamlarının hamısının həqiqət olduğu rus xalqına aydın olardı. ABŞ da göstərə bilərdi ki, `budur, bank hesabları buradadır`. Hesab edirəm ki, bu, Vladimir Putinin çəkindirilməsi üçün potensial olaraq faktor ola bilər.

-Mümkün risklər barədə nə söyləyə bilərsiniz, Avrasiya regionu üçün bu müdaxilənin riskləri nə ola bilər?

-Mən qısa müddətdə onların çox olacağını düşünmürəm, çünki Rusiya yenidən Ukraynaya müdaxilə etmək qərarına gəlsə, bütün səylərini Ukraynaya yönəltməli olacaq. Rusiya dünya standartlarına görə kifayət qədər yoxsul ölkədir. Çox təbii sərvətlərə sahib ola bilər, amma yoxsul ölkə olmasa da bilirsiniz ki, Rusiyanın ümumi daxili məhsulu (ÜDM) İtaliya həcmindədir. Bura (İtaliya) yoxsul ölkə deyil, İtaliya Böyük Yeddilər qrupunun (G7) ölkələrindən biridir. Amma Birləşmiş Ştatlarla müqayisədə Rusiya çox zəifdir və NATO, Böyük Yeddilərin bütün qalan hissəsi ilə müqayisədə təbii qaz istisna olmaqla, marjinal iqtisadi oyunçudur. Beləliklə, Rusiya diqqətini Ukraynaya yönəltməli olacaq. Biz bunu elə bu yaxınlarda Qazaxıstanda prezident Tokayevin KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və Rusiyanı etirazlar və etirazlar çərçivəsində baş verən zorakılığı yatırmaq üçün ölkəyə çağıranda gördük ki, rus qoşunları orada az müddətdə, 10 gün qaldı. Dövlət katibi Blinkenin dediyi kimi, `ruslar evinizə gələndə onları çıxmağa məcbur etmək çox vaxt çətin olur`. Amma bu dəfə onlar getdilər, çünki Putin bilir ki, indi bütün diqqəti Ukraynaya yönəltməlidir. Bu, qısa müddət üçün perspektivdir.

Bununla belə, Cənubi Qafqaz üçün uzunmüddətli perspektivdə Rusiyanın Ukraynaya ikinci müdaxiləsi baş versə və Putin bunun nəyə başa gəldiyini idarə edə bilsə, mənə maraqlıdır ki, Gürcüstanda növbəti addım nə ola bilər. Bu, narahat olmaq üçün növbəti yer olardı. Azərbaycana gəldikdə, mən onun nəsə edəcəyini düşünmürəm. Fikrimcə, Putin rus sülhməramlılarından çox razıdır. Azərbaycanda 3500, 3800 sülhməramlı var və qeyd etməliyəm ki, onlar missiyanı peşəkarcasına və ümidverici bir şəkildə yerinə yetirirlər. Bilirsinizmi, `soyuq müharibənin döyüşçüçü` və NATO-nun əsl pərəstişkarı kimi Rusiya sülhməramlılarını orada görmək mənim xoşuma gəlmir, amma etiraf etməliyəm ki, onlar işlərini yaxşı görür və orada türk sülhməramlıları da var. O zaman NATO-nun Rusiya sülhməramlılarını dürüst saxlamağa kömək edə biləcək əks balansı var.

-Bəzi müşahidəçilər hesab edir ki, Rusiya prezidenti bütün postsovet məkanında Rusiyanın rolunu və təsirini artırmağa çalışır. Siz Cənubi Qafqazı qeyd etdiniz. İlk dəfə olaraq Rusiya qüvvələri indi hər üç ölkədə mövcuddur. Keçmiş Sovet İttifaqının mümkün bərpası planları haqda nə düşünürsünüz?

-Bu, mümkün deyil. Lakin onun etmək istədiyi Rusiyanın dünya səhnəsində əzəmət hissini bərpa etməkdir. Buna görə də Rusiya Suriyaya məhdud, lakin ölümlə nəticələnən və deyərdim ki, hərbi cinayətlərə bərabər müdaxiləyə başladı. Rusiya məhz buna görə, Rusiyanın qlobal aktyor olduğunu göstərmək üçün könüllü muzdlular qrupunu Liviyaya göndərdi. Bu müdaxilələr kiçik olsa belə, Rusiya yenə də dünya səhnəsində oynaya bilər, onun istədiyi budur. O, Rusiyanın ABŞ ilə eyni olmasa da, ən azı ABŞ qədər hörmətinə layiq bir ölkə kimi görünməsini istəyir. Təbii ki, Rusiya ABŞ-ın hörmətinə layiqdir, sadəcə olaraq, siz Avropada qonşularınızdan birinə qarşı genişmiqyaslı ikinci müdaxilə ilə hədələməklə bu hörməti qazanmağa çalışdığınız zaman özünüzü hörmətdən məhrum edirsiniz və özünüzü aqressiv hərbçi və ya qanqster kimi göstərirsiniz. Fikrimcə, prezident Putin burada dinamikanın onun xeyrinə işləmədiyini başa düşmür, lakin onun istədiyi budur. O, Rusiyaya və təbii ki, özünə hörmət edilməsini, keçmiş Sovet İttifaqı deyil, Rusiyaya öz əzəmətini bir qədər qaytara bilməsini istəyir. Ona görə də mən hesab edirəm ki, Ukraynanın cənubu , Odessa ilə Donbas arasında Böyük Yekaterina dövründə Rusiya imperiyasının tabeliyinə keçən ərazi vacibdir. Düşünürəm ki, o, Cənubi Qafqaz və ya Mərkəzi Asiya ölkələri və ya Moldovanı keçmiş Sovet İttifaqına yenidən birləşdirmək deyil, Rusiyanın ortamüddətli hərbi perspektivini məhz bu əraziyə yönəldib. Bəli, bəlkə, Belarusla Rusiya arasında, necə deyərlər, qəribə bir müştərək dövlət ola bilər, lakin bu, keçmiş Sovet İttifaqının yenidən qurulmasından çox uzaqdır. Bu, baş verməyəcək. Bu, mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN şəhidin adına protokol göndərilməsi məsələsinə aydınlıq gətirdi

Sonrakı məqalə

Bakıda 25 yaşlı gənc 50 yaşlı kişinin öldürüldüyü binadan özünü atıb