Putinlə bağlı sual və Sunakın qələbəsi…- Britaniyada namizədlərin ikinci debatı necə keçdi?

Britaniyanın Baş naziri postuna namizədlərin teledebatında keçmiş maliyyə naziri Rişi Sunak qalib gəlib.

Azpost.info xəbər verir ki bu barədə “İndependent” ITV telekanalının keçirdiyi sorğunun nəticələrinə stinadən məlumat yayıb.

Sorğuda iştirak edən və debatı izləyən 1000 nəfərin 24 faizi Sunakın performansını “ən yaxşısı” adlandırıb.

Keçmiş nazirdən sonra ikinci yerdə tamaşaçıların 19 faizinin rəğbətini qazanan (ilk debatda qalib olmuşdu) İcmalar Palatasının xarici əlaqələr üzrə xüsusi komitəsinin sədri Tom Tugendhat olub.

Britaniyanın ticarət nazirinin müavini Penni Mordaunt 17 faiz səs toplayıb.

Ən az səsi keçmiş bərabərlik naziri Kemi Badenok (12 faiz) və Britaniyanın xarici işlər naziri Liz Tras (15 faiz) toplayıb.

Eyni zamanda, mühafizəkar partiyanın sıravi üzvləri arasında keçirilən sorğu göstərir ki, Badenok liderliyi ələ keçirə bilər, Mordauntun mövqeyi isə zəifləməyə başlayacaq.

Teledebatda aparıcı keçmiş baş nazir Boris Consonu komandalarına götürmək istəyən namizədlərə əl qaldırmağı təklif edib. Namizədlərdən heç biri əl qaldırmayıb.

Namizədlərdən o da soruşulub ki, İndoneziyada keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşmək şansları olsa, özlərini necə apararlar.

Liz Tras buna hazır olduğunu, danışıqlardan imtinanın əks-məhsuldar olduğunu vurğulayıb. Rəqibləri Trasın bu fikrinu dəstəkləməyiblər. Məsələn, Mordaunt və Tugendhat Rusiya lideri ilə danışıqlar masasına oturmaqdan imtina edib. Badenok Putinə vaxt itirməyəcəyini deyib, Sunak isə Rusiya maliyyə nazirinə görə G20-də iştirakdan imtina edib.

İqtisadi mövzularla bağlı suallar Tras və Sunak arasında mübahisəyə səbəb olub. Keçmiş maliyyə naziri Trasın vergilərin azaldılması təklifinin kökündən yanlış olduğunu bildirib və bunu “sosializm ideyası” adlandırıb.

Sunak vergi artımını izah edərək, pandemiyanın iqtisadiyyata zərər vurduğunu və pulun qaytarılmalı olduğunu deyib: “Bütün bunların bir qiyməti olmalıdır. Bu, daha yüksək inflyasiya, daha yüksək ipoteka faizləri və azaldılmış əmanətlərə görə ödənilməli olan əvəzdir”.

Tras Sunakın Maliyyə Nazirliyində işlədiyi 2,5 il ərzində ölkənin “inkişafına dair böyük planını” niyə həyata keçirə bilmədiyini soruşub. O, həmçinin rəqibini vergiləri son 70 ildə ən yüksək səviyyəyə qaldırmaqda ittiham edib. Trasın fikrincə, Sunakın iqtisadi proqramı, ölkəni “boğacaq”.

Sunakın iqtisadi yanaşmasını Mordaunt da dəstəkləməyib. O, müdafiə etdiyi məhdud vergi endirimlərinin inflyasiyaya səbəb olmayacağını və indi yaşayış minimumuna çatmayan insanlara dəstək vermək lazım olduğunu bildirib.

Sunak Mordauntun planını “təhlükəli” adlandıraraq, iqtisadi müstəqillik əvəzinə yalnız investisiyalar üçün istifadə olunacaq kreditlər almağı təklif etdiyini qeyd edib.

Qaydalara görə, Mühafizəkarlar Partiyası fraksiyasının üzvləri siyahıda iki namizəd qalana qədər səsvermə keçirəcək. Bu, iyulun 21-dən gec olmayaraq edilməlidir. Bundan sonra partiyanın qeydiyyatdan keçmiş bütün üzvlərinin iştirak edəcəyi lider seçkisinin ikinci mərhələsi başlayacaq. Seçkinin nəticələri sentyabrın 5-də açıqlanacaq.

Azpost.inifo

 

Əvvəlki məqalə

“Moskva” ticarət mərkəzindən qızıl və brilyant oğurlayanlar tutulub – VİDEO

Sonrakı məqalə

Sosial şəbəkədə hədə-qorxu gəlməklə pul tələb etdi