Qələbənin  izahı –ZAUR İBRAHİMLİ YAZIR 

“Döyüşün  qalibi yaxşı  məsləhət  verən deyil, bu məsləhətin yerinə yetirlməsi məsuliyyətini  öz üzərinə götürən  və icrası üçün əmr verəndir”

Napoleon   Bonapart

 Heç ağlıma da gəlməzdi ki, cəmiyyətimiz qələbə və məğlubiyyətin izahını tapmaqda çətinlik çəkəcək.  Mənə elə gəlirdi ki, dünya xalqları arasında məğlubiyyəti bizim qədər tanıyan, yaşıyan, onun məhrumiyyətlərinə sinə gərən, içində ağlayan xalq olmaz. Ona görə də, düşünmürdüm ki,  QƏLƏBƏNİN İZAHINI vermək lazım gələcək. Amma, bir az düşündükdən sonra bunun da obyektiv səbəblərini tapa bilirsən. Məğlubiyyətlər tarixçəsi cəmiyyətimizi şəkkak edib, insanlarımızda hər şeyə ifrat şübhə ilə yanaşmaq vərdişi, düşüncəsi yaranıb. Həmçinin, bir çox hallarda süni pafos da insanlarımızada şübhə yaradıb. Ölüm-qalım müharibəsi aparan cəmiyyətlər üçün xarakterik haldır və bu hallara təmkin, rasional düşüncə,obyektiv analizlərlə cavab  vermək  lazımdır.

Müharibədən əvvəl Azərbaycan üçün tam kapitulyasiya  şərtləri  irəli  sürülürdü

İlk növbədə ondan başlamaq lazımdır ki,  Ermənistanda Nikol Paşinyan hakimiyyə gəldikdən sonra aparılan siyasət Azərbaycanı üçün yeni çağırışlar yaratdı. Paşinyan komandasının addımları və aparılan siyasət Azərbaycanın ya müharibəyə  başlaması, ya da de-fakto Yerevanın şərtlərini susaraq qəbul etməli olması dillemasını yaratmışdı. Danışıqlar formatından imtina, Qarabağda və işğal olunan rayonlarda məskunlaşma, ölkəmiz üçün alçaldıcı rəmzi addımlar atılması rəsmi Bakı üçün seçim qoymurdu. Biz ya susaraq dözməli, ermənilərin yaratmaq istədiyi gerçəkləri qəbul etməli, onların şərtləri ilə danışıqları qəbul etməliydik. Yaxud danışqılardan imtina etməliydik, həmçinin müharibəyə başlamalıydıq. İndi  daha aydın görünür ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanın genişmiqyaslı, tam formatlı müharibəyə başlayacağını az ehtimal edirmişlərmiş. Həmçinin, beynəlxalq birliyin, qonşu ölkələrin, diasporanın, digər amillərin Azərbaycana məhdudlaşdırıcı təsirini çox yüksək qiymətləndirirmişlər. Bir daha qeyd etmək lazımdır ki, Paşinyan komandasının yaratmaq istədiyi gerçəklər, şərtlər Azərbaycan üçün hərtərəfli məğlubiyyət perspektivi yaratmaq potensialına malikiydi.  Artıq burada “zaman bizm xeyrimizə işləyir”, yaxud işləyə bilər tezisi də qüvvədən düşmüşdü. Çünki, Paşinyan əvvəlkilərdən fərqli olaraq yalnız əraziyə nəzarət yanaşmasından imtina etmişdi. Onun strategiyası Azərbaycanın tam de-fakto kapitulyasiyasına nail olmaq və bunu bütün dünyaya nümayiş etidrməkiydi. İNANMIRDILAR ki, Azərbaycan rəhbərliyi MÜHARİBƏ QƏRARI verəcək. “Lazım olsa, Kürə çıxarıq” – ab-havası yenidən Yerevanda hakim olmuşdu.  Paşinyanın bunu daxili siyasi səbəblərdən və s. etdiyini izah etmək olar, amma bu o gerçəyi dəyişmir ki, Azərbaycan üçün tam kapitulyasiya şərtləri irəli sürülürdü.

 

Yaranmış imkanlar və çatılan hədəflər riskləri doğruldur

44 gün davam edən Vətən müharibəsi isə status-kvonu dəyişdi.  Şübhəsiz ki, Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistan Baş nazirinin imzaladığı 10 noyabr Bəyanatı  ölkəmiz üçün ideal sülh sazişi deyil. Məgər ideal sülüh sazişi, yaxud qələbə olurmu? Bütün hərb və diplomatiya tarixi sübut edir ki, istənilən sülh sazişi mövcud şərtləri və tərəflərin imkan və gücünü əks etdirir. 10 noyabr Bəyanatı Azərbaycanın hərbi qələbələrini tam əks etdirir, Azərbaycanın strateji baxışının başlıca hədəflərini əsasən ehtiva edir. Qarabağın statusu məsələsi bu Bəyanatda yoxdur, Naxçıvanla quru əlaqəsi təmin edilir, soydaşlarımızın qayıdışı təmin olunur, Türkiyənin sülhyaratma əməliyyatına cəlb edilməsi təmin olunur. Bütün perimetr üzrə Qarabağ bölgəsinə hərbi-strateji nəzarət  imkanları əldə saxlanılır.

Cəmiyyətimizdə  daha çox narahatlıq yaradan məsələ Rusiya sülhməramlılarının bütün təmas xətti boyu və Laçin dəhlizində yerləşdirilməsi, Naxçıvanla əlaqəyə onların nəzarət edəcəyidir.  Ötən əsrin təcrübəsi və ağır faciələri yenidən rusların etibarlılıq və neytrallıq məsələlərini gündəliyə gətirir və haqlı suallar doğurur. Bizim cəmiyyətin bu sualları verməyə və narahatlığını ifadə etməyə tam haqqı var. Bu məsələdə heç kimə sus deyə bilmərik. Həmçinin, bununla bağlı narahatlıqlar obrazılı da ifadə olunur: “çaqallar getdi, ayı gəldi”.  Lakin bundan çıxış edərək Vətən müharibəsinin nəticələrini şübhə altına almaq, yaxud diplomatik məğlubiyyət kimi dəyərləndirmək çox BÖYÜK YANLIŞLIQDIR. Bu Azərbaycan üçün  mövcud  geosiyasi şərtlərin (imperativ-məcbiru faktorların) yaratdığı gerçəklikdir. Bir şeyi başa düşmək lazmdır ki, hazırda bütün imkan və resurlar səfərbər olunsa belə Bakı-Ankara tandeminin bu şərtləri dəyişmək imkanı yoxdur. Necə ki, Ukrayna, Gürcüstan dəyişə bilmədi.  Necə ki, Lukaşenko dəyişə bilmədi, Nazarbayev dəyişə bilmədi. Keçmiş SSRİ respublikalarından yalnız Pribaltika respublikaları Avropa İttifaqı və NATO-ya qəbul olunmaqla postsovet reallığından uzaqlaşa bildilər. Azərbaycan bu geosiyasi şərtlərdən maksimum yararlanmağa çalışa bilər, amma onları dəyişə bilməz. İndiki halda mümkün olan bu idi. Rusiyanın strateji Cənub cinahında Türkiyənin və digər ölkələrin fəal cəlb olunduğu, 5-ci nəsl silahların tətbiq edildiyi müharibəyə münasibətdə tam neytral qalacağını düşünmək sadəlöhvlük olardı… Bu məsələlərdə mümkün risklər və yaranan imkanları  dəyərləndirmək ən düzgün yanaşmadır və dəyərləndirmədir. HAZIRDA YRANMIŞ İMKANALR VƏ ÇATILAN HƏDƏFLƏR BU RİSKLƏRİ DOĞRULDUR.

 

Arzularımız   əsasında  siyasi təhlil vermək sadəlöhvlükdür

 44 günlük müharibənin təsirləri hələ uzun müddət davam edəcək və ən əsası siyasi və hərbi istebleşmentdən antimilli qüvvlərin uzaqlaşdırılması, ordu quruculuğumuzda yeni mərhələnin başlamasının,  Türkiyənin təsirinin artmasının verəcəyi nəticələr çox uzaqda deyil. Həmçinin daxili siaysi mühit formalaşdırılması və proseslərin idarəçiliyinə yanaşmanın dəyişməsi perspektivinin yaranması da böyük faydamızdır. Beynəlxalq miqyasda  bu qələbənin təsirləri və yaratdığı təssürat da aktivimizə yazıla bilər.  Bizim üçün  hazırda ifrat pessimizm eyforiya qədər təhlükəlidir. Obyektiv yanaşma bizi Ermənistanda olduğu kimi əsassasız miflərə inanmağa, gerçəkləşməyəcək gözlənitilər yaranmasından xilas  edə bilər. Sosial şəbəkələrdə bu mövzuda çox müzakirə aparmışam və sullar vermişəm: Yəqin ki, Rusiyanın 300 il ərzində İran/Qacar xanədanı, Osmanlı/Türkiyə, AXC/Azərbaycan SSR/ Azərbayan Respublikası ilə mübarizədə kərpic-kərpic tikdiyi Ermənistanı sona qədər tək buraxacağını düşünmürdük? Yəqin ki, 45-50 yaxud 60 günə 300 ildir davam edən və rusların yaratdığı Dağlıq Qarabağda erməni probleminin də birdəfəlik həll olunacağını düşünmürdük? Əgər belə düşünmüsünüzsə onda siyasi analizdən vaz keçin…

Arzularımızın tam gerçəkləşməməsini əsas götürüb siyasi təhlil vermək sadəlöhvlükdür. Arzu fərqlidir, konkret siyasi, hərbi hədəf və məqsədlər fərqlidir. Bu məqsədlərin müəyyənləşdirilməsində isə mövcud reallıq və resurslar, həmçinin RİSK-lərdən çıxış edirlər.

Bu nöqteyi-nəzərdən nikbin olmağa əsas çoxdu. Eyni zamanda bədbin olanları da baş düşmək olar. Amma “daha heç nə” deyənləri … heç başa düşmək olmaz…

Bura qədər yazıdqlarım kontekstində sosial şəbəkələrdə müzakirələrdə  irəli sürdüyüm bəzi arqumentlər in daha da aydın başa dşüləcəyinə ümid edirəm:

  1. Ruslar ya gərək bütün Cənubi Qafqazdan çıxarıla ki, yaxud təsiri məhudlaşa ki, ölkəmiz də daha sərbəst  davrana bilə.  Gürcüstandan çıxarıldılar,  amma yenidən hakimiyyətə qayıtdılar…
  2. Sarkisyan Aİ ilə saziş imzaladı,  ABŞ-la danışıqlara başladı,  2016-cı ildən sonra davam gətirə bimədi, Paşinyan Qərbin bəzi dairələri ilə sövədləşmədə hakimiyyətə gəldi, rusları təftişə başladı… indi hər gün Moskvaya zəng etməyə məcburdur…
  3. Hazırda da biz Türkiyə və Rusiyanın İran olmadan yeni bir Astana formatına bənzər format yaratdığını görürük.
  4. Türkiyənin hərbi bazalarını xəyal edirdik, bir bölüyünü ölkəyə gətirə bilmirdik, indi türk F-16-ları  ölkəmizdə  keşik çəkir.
  5. Gözləyərdik, Paşinyana dəstək verənlər ABŞ-da Bayden prezident seçildikdən sonra bizi sanksiyalarla dizə gətirəydilər, hərbi əməliyatla başlasaydıq  907-cü düzəliş daha sərt formada bərpa olunsun?
  6. Türkiyə slühməramlı fəaliyyətə nəzarət mexanizminin rəhbərlərindən biridir, bu da bizim sığortadır.

Yəni siyasət mümkün olanı etmək məharətidir,  1992-ci ildə iyun-iyul  əməliyyatları zamanı ordumuaz  bir sıra qələbələr qazanaraq Xankəndindən geri döndü…  Buna görə “1989-93-cü illərə qayıdırıq”, “rus gəlir”  fikirləri ilə yanaşı yeni təhdidlərin aradan qaldırılması və yeni reallıqlar barədə də düçünməliyik.

Zaur  İbrahimli

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq” –

Sonrakı məqalə

Serj Sarkisyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb