“Qərb MDB ölkələrində “rəngli inqilablar” üçün şərait yaratmağa çalışır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Fedral Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Bişkekdə Birliyə üzv dövlətlərin təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının iclasında deyib.
Kəşfiyyat xidmətinin rəhbərinin sözlərinə görə, Qərb mərkəzləri MDB ölkələrində vəziyyətin pisləşdiyi və kütləvi iğtişaşlar baş verəcəyi təqdirdə hakimiyyəti ələ keçirmək üçün “mühacirətdə olan hökumətlər” formalaşdırır.
O, Qərbi daxili böhranlara şərait yaratmaqda ittiham edib. Bu məqsədlə təsir agentləri, nəzarət edilən müxalifət partiyaları və hərəkatları, qeyri-kommersiya təşkilatları və psevdomüstəqil mediadan istifadə olunur.
Bortnikovun sözlərinə görə, ABŞ və Böyük Britaniya Rusiyanın tərəfdaşlarına qarşı sanksiyalar adı altında MDB məkanında ticarət və maliyyə əməliyyatları üzərində total nəzarət qurmaq istəyirlər. Məqsəd bununla istənilən dövlətin iqtisadiyyatına zərbə vura bilməkdir. MDB ölkələrinə hərbi-siyasi və iqtisadi təzyiqlər və müdafiə sahəsində müxtəlif formatlı əməkdaşlıqların tətbiqi davam edir.
O qeyd edib ki, regional münaqişələr kənardan alovlanır, beynəlxalq terrorçu strukturların qidalanması üçün əlverişli şərait yaradılır. Bu kontekstdə o, MDB-nin cənub sərhədləri yaxınlığında silahlı dəstələrin yeni təlim düşərgələrinin yaradılmasına diqqəti çəkib. Bortnikov bunu anqlo-saksların Mərkəzi Asiyada hər hansı şəkildə yer almaq və regiona təsir etmək cəhdlərinin nəticəsi hesab edir.
Azpost.info