“Qərb oktyabrda Gürcüstanda yeni “Maydan” reallaşdırmaq istəyir” –Rusiya XİN

Qərb Rusiya Federasiyasının sərhədləri yaxınlığında yeni gərginlik mənbəyi yaratmaq üçün oktyabr ayına qədər Gürcüstanda yeni “Maydan” ssenarisini həyata keçirməyə çalışır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz oktyabrda keçiriləcək parlament seçkiləri kontekstində qərblilərin Gürcüstanda vəziyyəti gərginləşdirmək cəhdlərini görürük. İstisna etmirik ki, məqsəd Rusiya sərhədləri yaxınlığında daha bir gərginlik mənbəyi yaratmaq ümidi ilə hakimiyyət dəyişikliyinin “Maydan” ssenarisini həyata keçirməyə çalışmaqdır”, – rusiyalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Aİ ölkələri bir çox suveren dövlətlərə təzyiqlər edir.

Qaluzin həmçinin Litva, Latviya, Estoniya və İslandiyanın xarici işlər nazirlərinin mayın ortalarında Tbilisidə keçirilən küçə etirazlarında iştirakına da diqqət çəkib.

“Bunu müstəqil dövlətin daxili işlərinə açıq-aşkar müdaxilədən başqa bir şey kimi xarakterizə etmək çətindir. Bütün bunlar suverenliyini məhdudlaşdırmağa çalışdıqları ölkələrə öz iradələrini tətbiq edən neokolonial təcrübələrin iyrənc nümunələridir”, – Rusiya XİN başçısının müavini qeyd edib.

Əvvəlki məqalə

“Prezident adından saxta müraciətlər olunur” –

Sonrakı məqalə

İran Avrasiya İttifaqında müşahidəçi dövlət statusu almaq istəyir