Qəzet oxuyan adamı necə tapmalı?

Baş redaktorlar “camaata qəzeti necə oxutduraq?” sualı ətrafında baş sındırır… Çətin situasiyadır.  İnternet “era”sı çap mediası üçün bütün əlverişli müstəvini dağıdıb.

Oxunaqlı qəzet cəmiyyətin ritmini tutan, doğru və maraqlı xəbərləri çatdırmağı bacaran qəzetdir.

Burada Amerika açmağın mənası yoxdur…

Əsas sual budur: İnternet əsrində qəzet oxumaq vərdişini necə bərpa etməli?

Bu məsələdə yaradıcılıq azadlığı  və əlahəzrət pul faktoru vacibdir.

Şans var.

“Avropada qəzet yenidən oxunmağa başlayıb” tipli xəyallarla özünüzü ümidləndirməyin.  Boş xəyallardır. Bura Asiyadır.  Üstəlik də qəzet oxumağa heç vaxt böyük həvəs olmayan Azərbaycan!

Bəs nə etməli? Rəngli qəzetlər? Abunə? Reklam?

Bunlar dərdə çarədirmi?

Məncə “qəzetin xilas edilməsi” prosesi incə detalları nəzərə almağı tələb edir.

İlk növbədə qəzet oxumağa maraqlı olacaq dairəni tapmaq lazımdır. “Kütləvi oxucu” dövranı bizim qəzetlər üçün bitib.

Bəs kimdir bu maraqlı dairələr?  Varlılar, işgüzar elita  və ağıllı adamlar!

Bu kəsim İnternetdə dolaşan xəbərlərə tam etibar etmir. Peşəkar qəzetçi imzaları və dəqiq faktı yazan jurnalist sözünü eşitmək, təhlilini oxumaq onlar üçün çox vacibdir.

Deməli müəyyən dairələr üçün maraqlı olacaq qəzet buraxmaq lazım gələcək. Etibarlı iqtisadi proqnozların və təhlillərin müntəzəm çap olunduğu bir ictimai –siyasi qəzet işgüzar dairələr üçün cazibədar ola bilər.

Bankirlərin, fermerlərin də bu qaydada “öz qəzeti”ni yaratmaq mümkündür.

Digər uğur iksiri araşdırmadır. Prezidentin tələb etdiyi ictimai nəzarəti təmin edən araşdırma yazıları və onların fərdi abunə yolu ilə oxuculara çatdırılması…

Qəzetlərin onlayn versiyası isə  yalnız qəzet variantının maraqlarına xidmət etməlidir.  Redaksiya saytı oxuyan sadiq oxucuların abunəçi dairəsini yaradıb  illik onlayn ödəmə hesabı ilə materiallarını təqdim edə bilər. Bu, indi dünyada “istifadəçi paketi”  adlanan sistemdir. İllik abunə isə 10 dollardır.

Belə qəzeti yaratmaq üçün xeyli pul, imzası etibarlı olan peşəkar komanda və media menecerləri lazımdır.

Hər şeydən yazmaq artıq qəzetlər üçün trend deyil. Bu dövran bitib. İnternet var…

Qəzet indi operativlikdə yox, keyfiyyətdə fərqlənməlidir.

Bunun üçün tamam yeni konsepsiya qurulmalı, bu işi hədəfləyən şəxs dizini yerə atıb çalışmalıdır.

Uğurun sirri “dərdə dərman olacaq qəzet” formatıdır.

Qalanı…internetdir!

Xaqani SƏFƏROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Ermənistanla Üçtərəfli işçi qrupunun həmsədrini qəbul edib

Sonrakı məqalə

“Sabah” futbol klubunda COVİD-ə kütləvi yoluxma qeydə alınıb