“Qara qızıl”dan “Yaşıl enerji”yə –Ölkədə alternativ mənbələr nə vəd edir?

 Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib.

2030-cu ildə dünya əhalisinin bu gün istehlak etdiyindən 45% daha çox enerjiyə ehtiyac duyacağı düşünülür. Bununla bağlı yeni enerji istehsalının artan tələbatı ödəyə biləcəyinə dair narahatlıqlar yaranır.

Bərpa olunan enerji mənbələrindən istifadə ətraf mühitin qorunması baxımından da xeyli əhəmiyyətlidir.

Ənənəvi enerji mənbələrinə kömür, neft, təbii qaz və nüvə yanacağı, bərpa olunan enerji mənbələrinə isə su, günəş, külək, biokütlə enerjiləri və geotermal enerji aid edilir.

Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur.

Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.

Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.

Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz, bunun üçün uzun illər boyu gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Qaz, neft, kömür kimi yanacaq növləri hələ bundan sonra da uzun müddət enerji balasında aparıcı yer tutacaq. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir.

Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır.

Bu baxımdan Qarabağ bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də böyük potensial mövcuddur. Belə ki, günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.

Xəzər dənizi ofşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, Xəzərin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab edilir. Bu, ölkəmizdəki elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Beləliklə, Azərbaycan karbohidrogen potensialından sonra, Xəzəri yenidən kəşf edir.

Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir.

Alternativ enerji sektoru əmək tutumu yüksək olan sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qarabağda bərpaolunan enerji sektorunun inkişafı, regionda yeni iş yerlərinin açılmasına dəyərli töhfə verəcək.

Karbon tullantılarını yaradan əsas sahələrdən biri elektrik enerjisi istehsalıdır. Bu sahədə bərpaolunan enerjinin payının artırılması həm də karbohidrogen tullantılarını da əhəmiyyətli dərəcədə azaldacaq. Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faizi azaltmağı hədəf kimi götürüb. Bərpaolunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün, bu, Azərbaycanın Paris sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə və ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcək.

Azərbaycan bərpa olunan enerji mənbələrinin yüksək potensialına malik olan ölkələrdəndir. Belə ki, ölkəmizdə iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Azərbaycan külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malik ölkələrdən biridir. Xüsusilə, ölkənin Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı və şimal-qərb hissəsində olan adalar, Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilərdir.

Azərbaycanın təbii iqlim şəraiti də günəş enerjisindən istifadə etməklə, elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində Azərbaycanda 2400-3200 saatdır, yəni Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər.

Azərbaycan Respublikasının ərazisi termal sularla zəngindir. Bunlar Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba ərazisi kimi geniş sahələrdə yayılmışdır. Göstərilən ərazilərdə olan termal suları istifadəyə cəlb etməklə, məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsini ödəmək mümkündür.

Azərbaycan Respublikasının ümumi enerji sistemində su-elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var. Su-elektrik stansiyalarının tikintisi nəticəsində sel suları tənzimlənir, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edilir və yeni suvarma sistemləri yaradılır. Azərbaycan Respublikası ərazisindəki çaylar kiçik su-elektrik stansiyaları üçün əlverişlidir.

Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Proqramın qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində köklü dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı.

Bu məqsədlə Azərbaycan 10 iyun 2009-cu il tarixində yeni yaradılmış Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə qoşulub. (18) 10 noyabr tarixində isə Sənaye və Energetika Nazirliyinin Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (indiki adı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi) təsis edilməsi barədə fərman imzalanıb.

Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilib. Bu hədəfə nail olmaq üçün dövlət investisiyası ilə yanaşı, özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadə verilməsi istiqamətində tədbirlər həyata keçirilir.

“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərin hazırlanaraq təqdim edilməsi tapşırılıb.

“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 Sərəncamı ilə Azərbaycan Respublikasında külək və günəş enerjisi üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb.

Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək  dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır.

Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində 8 ərazi seçilib. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür.

Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilir.

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin satınalma müqaviləsinin, hərracda iştirak üçün kvallifikasiya tələbləri (RFQ) və hərraca verilən təklifin forması (RFP) sənədlərinin hazırlanması təmin ediləcək.

2015-ci il dekabrın 12-də Tərəflərin 21-ci Konfransında qəbul edilmiş Paris Sazişinə əsasən Azərbaycan Respublikası nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrini Konvensiya Katibliyinə təqdim edib. Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə olaraq  baza ili ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılması hədəf kimi götürülüb.

Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30%-ə çatdırılması əsas hədəf kimi müəyyən edib.

2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulub.

2022-ci ildə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Hər iki tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Almaniya Enerji Agentliyi (DENA) ilə əməkdaşlıq çərçivəsində subartezian quyular üçün günəş enerjisi sistemləri, kiçik güclü mobil günəş və batareyalı enerji sistemləri, istixanalar üçün kombinə olunmuş günəş və istilik nasoslu enerji sistemləri, binalarda biokütlə enerjisindən istilik məqsədli istifadə üçün enerji sistemlərinin tətbiqi üzrə müxtəlif pilot layihə təklifləri irəli sürülüb.

Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.

3 may 2021-ci il tarixində AR Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tapşırıqların icrası, həmçinin işğaldan azad olunmuş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar Konsepsiyanın və Baş planın hazırlanması üçün Yaponiyanın “TEPSCO” şirkəti ilə müqavilə imzalanıb. “Yaşıl Enerji Zonası”nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi istiqamətində araşdırmalar aparılmaqdadır.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. İlkin müşahidələr nəticəsində əlverişli günəş radiasiyanına malik müvafiq ərazilər müəyyən edilib.

İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir. Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında Cəbrayıl və Zəngilan rayonlarının ərazisi məqsədəuyğun hesab edilib. İşğaldan azad edilmiş ərazilərdə – xüsusən də Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması, ilkin araşdırmalara əsasən müəyyən edilib.

Təhlillər bu ərazilərdə külək enerjisi potensialının 2000 MVt ətrafında olmasını göstərir. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə  müvafiq elmi araşdırmalar aparılıb. İlkin təhlillər göstərir ki, Kiçik Qafqazın dağlıq hissəsində geotermal mənbələr var (4000-5000 m3/gün (30-74°C)). İlkin müşahidələrə əsasən, bu potensialdan müvafiq olaraq istilik təminatı və balneoloji məqsəd üçün istifadə daha məqsədəuyğundur.

Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Bu, ölkəmizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb

 

Əvvəlki məqalə

Türkiyədə Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri yaradılacaq

Sonrakı məqalə

“Avropada sirk çadırında gəzən saqqallı model”